Azərbaycan Memarlar İttifaqının 85 illik yubileyi qeyd olunub

Azərbaycan Memarlar İttifaqının 85 illik yubileyi qeyd olunub
# 17 dekabr 2021 20:40 (UTC +04:00)

Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlar İttifaqının 85 illik yubileyi keçirilib.

APA-nın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxışında deyib ki, 85 il Azərbaycan memarlıq sənətinin həyatında bir saniyə kimidir. Onun sözlərinə görə, Azərbaycan memarlığı yüz illərdir ki, var və tanınır: "Bu gün Azərbaycanda memarlıq sənəti inkişafdadır. Çünki dövlət tərəfindən daim diqqətdədir. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə memarlığın inkişafına böyük diqqət göstərib. Bu gün də bu ənənə Prezidentimiz İlham Əliyev tərəfindən yaşadılır. Görün, bu gün şəhərlərimizin siması necə dəyişib. Yeni əsərlər, parklar, təhsil, səhiyyə obyektləri- şübhəsiz ki, bunlar hamısı prezidentimizin şəhərsalmaya göstərdiyi diqqətin nümunəsidir. Abidələrimizin UNESCO-nun irs siyahısına salınması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə əldə olunan nailiyyətlər vitse-prezident Mehriban xanımın gördüyü işlərin nəticəsidir. Qeyd etmək istərdim ki, bu gün bizim istedadlı, gözəl memarlarimiz vardır ki, bu sənəti bizdən sonra da yaşadacaq."

Mədəniyyət naziri Anar Kərimov deyib ki, memarlıq sənəti dünya xalqlarının inkişaf mərhələsini göstərən bir amildir. Onun sözlərinə görə, memarlıq sənəti şəhər mədəniyyətinin inkişafı ilə bağlı bir dəyər olduğu üçün onun inkişafi cəmiyyətin inkişafına dəlalət edir: "Azərbaycanda olan memarlıq nümunələri onu göstərir ki, Azərbaycanda tarixən mədəniyyət inkişafda olub və bu günümüzə gəlib çatıb. Sevindirici haldır ki, müstəqil Azərbaycanda da bu ənənə yaşayır, yaşadılır.

Ulu Öndərimiz memarlıq sənətinə, memarlarığımıza daim diqqət göstərib. Ulu öndərin təşəbbüsləri Prezidentimiz İlham Əliyev və vitse-prezident Mehriban xanım tərəfindən bu gün də davam etdirilir.

Bu gün memarlıq haqqında danışarkən otuz il işğal nəticəsində törədilən cinayətləri də xatırlatmalıyıq. Bildiyiniz kimi, Qarabağ memarlıq dəyərləri olan diyar idi. Bu otuz il ərzində bu miras ermənilər tərəfindən dağıdılmışdır. Bu gün əsas vəzifələrdən biri yenidən o mədəniyyəti canlandirmaqdir. Bu işdə bizim memarlarımıza da ehtiyacımız var. Mən istərdim ki, memarlar bu işdə dövlətimizə dəstək olsunlar. "

Sonra nazir bu gün Prezident İlham Əliyev tərəfindən təltif olunan bir qrup memarı təbrik edib və onlara uğurlar arzulayıb.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təltif olunan memarları təbrik edib. O bildirib ki, Memarlar İttifaqı öz fəaliyyəti ilə daim seçilib: "Bu gün gözəl bir gün yaşayırıq. Azərbaycan Memarlar İttifaqının 85 yaşı tamam olur. Bu qurum daim pozitiv mövqe nümayiş etdirib. Bu gün Bakıda dünya miqyaslı memarlıq əsərləri mövcuddur. Memarlar İttifaqı Bakı şəhərində olan idarəetmə orqanları ilə daim sıx ünsiyyətdə olub. Ona görə də biz bu günü həm də Bakı şəhər İcra Hakimiyyətinin bayramı qeyd edirik. Prezidentimiz siz memarların fəaliyyətini daim qiymətləndirir, ona görə də bu gün bir qrup memar təltif edilib. Bu yolda sizə uğurlar arzu edirəm”.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun təbrik məktubunu çatdırıb:

"Hörmətli Elbay müəllim, Memarlar İttifaqının yaranmasınin 85 iliyi münasibətilə sizi təbrik edirəm. Memarlıq hər bir ölkənin mədəni irsinin və tarixi keçmişinin aynasıdır. Xalqın estetik dünya görüşünün və mədəniyyət zənginliyi əks etdirən yaradıcılıq mənbəyidir. Azərbaycan memarları qədim tarixi, zəngin ənənələri, inkişaf perspektivləri ilə seçilir" deyə məktubda qeyd olunub.

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR