Nazirlər Kabineti “Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi Qaydası”nı təsdiq edib.
APA-nın məlumatına görə, bu Qayda peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi qaydasını müəyyən edir.
Məsləhət xidməti gənclərin (təhsil müəssisələrinin tələbə və şagirdlərinin), işaxtaran və işsiz şəxslərin peşəyönümünün təşkili üçün onlarla müsahibələr və testlər keçirməklə, təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisasının seçiminə, peşə maraqlarının formalaşdırılmasına yönəldilmiş aktiv məşğulluq tədbiridir. İşaxtaran və işsiz şəxslər üçün məsləhət xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və “DOST” Mərkəzləri tərəfindən təşkil edilir. Gənclər, təhsil müəssisələrinin tələbə və şagirdləri, habelə digər şəxslər üçün məsləhət xidməti Mərkəz tərəfindən və ya Xidmətlə bağlanılmış müqavilə əsasında bu sahədə ixtisaslaşmış hüquqi şəxslər tərəfindən də həyata keçirilə bilər.
Məsləhət xidmətinin istiqamətləri aşağıdakılardır:
- əmək bazarının cari vəziyyəti və əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar barədə məlumatlandırma;
- mövcud peşə və ixtisas üzrə işlə təmin edilmə və ya peşə hazırlığına cəlb olunma imkanları barədə məlumatlandırma;
- işsiz şəxsin sosial-psixoloji xüsusiyyətləri, peşə, bilik, bacarıq və səriştələri, sağlamlıq vəziyyəti nəzərə alınaraq, əmək bazarının tələbatı əsasında ona iş yerinin və peşənin seçimində köməklik göstərilmə.
Məsləhət xidməti aşağıdakı qaydada göstərilir:
- işaxtaran və ya işsiz şəxslər üçün məsləhət xidməti Mərkəzin peşəyönümü kabinetlərində audio, video materiallardan, əyani vəsaitlərdən və psixometrik testlərdən istifadə olunmaqla, fərdi və ya qrup şəklində 20 dəqiqəlik söhbət və 45 dəqiqəlik interaktiv məlumatlandırma aparılmaqla həyata keçirilir;
- təhsil müəssisələrinin tələbə və şagirdləri üçün məsləhət xidməti peşəyönümü mütəxəssisləri tərəfindən təhsil müəssisələri ilə razılaşdırılmış vaxtda ayda bir dəfədən az olmayaraq həyata keçirilir.
İşaxtaran və ya işsiz şəxslər üçün məsləhət xidməti göstərilərkən onlara:
- karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilir;
- peşə seçiminə istiqamətləndirilir;
- psixometrik testlərə cəlb edilir;
- əmək bazarında davranma üsulları öyrədilir.
Təhsil müəssisələrinin tələbə və şagirdləri üçün məsləhət xidməti göstərilərkən:
- peşələr haqqında məlumatlar verilir;
- məktəblərdə və ya istehsalat sahələrində peşəkarlarla görüşlər keçirilir;
- şagirdlər üçün işaxtarma oyunları, təlimlər və müsabiqələr keçirilir;
- istehsalat sahəsinə ekskursiyalar təşkil edilir;
- uşaq və gənclər üçün müxtəlif düşərgələr, peşələr üzrə klublar təşkil edilir.