Bağça müəllimlərinin sertifikatlaşdırma qaydası təsdiq edilib

Bağça müəllimlərinin sertifikatlaşdırma qaydası təsdiq edilib
# 30 dekabr 2023 16:22 (UTC +04:00)

“Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilib.

APA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qayda dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir.

Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.

Sertifikatlaşdırmaya cəlb olunmuş təhsilverənlərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:

- hamilə qadınlar;
- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
- ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində;
- azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş təhsilverənlər.

60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

Sertifikatlaşdırma Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası tərəfindən təşkil edilir.

Sertifikatlaşdırma Şurası:

- sertifikatlaşdırmanın aparılmasına cəlb olunmuş mütəxəssislərin vəzifə bölgüsünü müəyyən edir;

- sertifikatlaşdırmanın test imtahanı mərhələsinin suallarının və müsahibə mərhələsi üçün qiymətləndirmə meyarlarının
hazırlanmasını təmin edir;

- sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı proqram təminatının hazırlanmasına nəzarət edir;

- müsahibə komissiyalarının tərkibinə dair Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təkliflər təqdim edir;

- sertifikatlaşdırmanın aparılmasını təşkil edir;

- sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulmuş təhsilverənlərin siyahısını təsdiq edir;

- sertifikatlaşdırmanın nəticələrini Nazirliyə təqdim edir.

Sertifikatlaşdırma ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə Nazirliyin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Məktəbəqədər təhsil üzrə sertifikatlaşdırma” altsistemi yaradılır.

İctimai nəzarətin təmin edilməsi məqsədilə Sertifikatlaşdırma Şurası dövlət orqanlarının (qurumlarının), beynəlxalq və qeyri- hökumət təşkilatlarının, habelə medianın nümayəndələrini sertifikatlaşdırmaya müşahidəçi qismində dəvət edir.

Müşahidəçilərin sertifikatlaşdırmanın gedişatına müdaxiləsi yolverilməzdir.

Sertifikatlaşdırma iki mərhələdən (test imtahanı və müsahibə) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir.

Sertifikatlaşdırmanın keçirilməsi yerini və vaxtını Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir. Sertifikatlaşdırma
təhsilverənlərin tədris apardığı dildə keçirilir.

Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər.

Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə
vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir.

Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etdikdə buraxılır.

Sertifikatlaşdırma zamanı qadağan olunan hərəkətlərin, habelə gətirilməsi qadağan edilən əşyaların siyahısı Sertifikatlaşdırma Şurası tərəfindən təsdiq olunaraq yaddaş kitabçasına daxil edilir və namizədin “Şəxsi kabineti”nə göndərilir.

Təhsilverən yaddaş kitabçasında müəyyən edilmiş tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs sertifikatlaşdırmadan kənarlaşdırılır. Müvafiq pozuntular sertifikatlaşdırma başa çatdıqdan sonra videomüşahidə kameralarının məlumatları əsasında aşkar edilərsə, həmin təhsilverənin sertifikatlaşdırma nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilir.

Test imtahanı mərhələsinin sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına və peşəsinə uyğun olmaqla tərtib edilir.

Test imtahanı mərhələsində təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 (altmış) sual təqdim edilir.

Test imtahanı mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir.

Test imtahanı mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir.

Test imtahanı mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.

Test imtahanı mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test imtahanı mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir.

Test imtahanı mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.

Müsahibə mərhələsində hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır.

Müsahibənin keçirilməsi üçün Sertifikatlaşdırma Şurasının təklifləri əsasında Nazirlik müsahibə komissiyası yaradır və onun tərkibini təsdiq edir.

Müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

- təhsilverənin ünsiyyət bacarığı (20 bal);
- təlimin planlaşdırılması bacarığı (10 bal);
- təlimin təşkilində istifadə olunan iş forması və üsulları tətbiq etmək bacarığı (10 bal).

Müsahibə mərhələsində maksimum 40 (qırx) bal toplanıla bilər. Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20
(iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir.

Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.

Sertifikatlaşdırmanın test imtahanı və müsahibə mərhələlərində bu Qaydanın müvafiq olaraq göstərilən minimal balları toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunurlar.

Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin onun “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır.

Sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdırmanın nəticələri barədə məlumat əsasında Nazirlik sertifikatlaşdırmadan keçən və keçməyən təhsilverənlərin siyahısını hazırlayaraq Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə göndərir.

Sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan sertifikat verilir.

Sertifikat sertifikatlaşdırmanın nəticələri elan olunduqdan sonra 5 (beş) iş günü müddətində hazırlanır. Sertifikatın həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
yoxlanıla bilər. Sertifikat Sertifikatlaşdırma Şurasının sədrinin elektron imzası ilə təsdiq edilir.

Sertifikat təhsilverən üçün açılmış “Şəxsi kabinet”də yerləşdirilir.

Sertifikatda aşağıdakı məlumatlar əks olunmalıdır:

- sertifikatın nömrəsi və verildiyi tarix (altsistem tərəfindən verilir);
- təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi tarix;
- sertifikatın etibarlılıq müddəti (müddətin başa çatdığı tarix və ya üçüncü dəfə sertifikatlaşdırmadan keçmiş təhsilverənlər üçün müddətsiz olduğu göstərilir);

- təhsilverənin identifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kodu;
- təhsilverənin çalışdığı təhsil müəssisəsinin (tabeliyi göstərilməklə) adı;
- təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi dil;
- təhsilverənin test imtahanı və müsahibə mərhələlərində topladığı balı;
- sertifikatın təhsilverənə təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verdiyinə dair qeyd.

Sertifikatda bütün məlumatlar Azərbaycan dilində yazılır.

Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 (beş) il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji
fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər.

Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır.
Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən təhsilverənlər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.

Təkrar sertifikatlaşdırmada iştirak etməyən və ya bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi 1 (bir) ay müddətində Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR