Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Mübariz Qurbanlı Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Qurbanlı bildirib ki, Türkiyə-Azərbaycan xalqları və dövlətləri arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, bütövlükdə türk-İslam dünyasının mədəni-mənəvi vəhdətinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi yolunda iki ölkə hər zaman səy göstərib və göstərməkdə də davam edəcək.
Mübariz Qurbanlı bütün sahələrdə olduğu kimi din sahəsində də ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib. Səfir də öz növbəsində Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından danışıb.