Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçirilib - FOTO

Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçirilib

© APA | Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçirilib

# 17 dekabr 2021 12:20 (UTC +04:00)

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin (DMX) birgə təşkilatçılığı ilə Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən DMX-nin rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrant Gününün əhəmiyyəti ilə bağlı danışıb.

O bildirib ki, miqrasiya ilə bağlı ictimaiyyəti narahat edən məsələlər üzrə maarifləndirmənin artırılması, miqrasiyanın idarə edilməsi və miqrantların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bəşəriyyətin nailiyyətlərinin qeyd edilməsi və möhkəmləndirilməsi tədbirin əsas məqsədlərindən biridir: "BMqT-nin 70-illiyi ərəfəsində reallaşan builki Beynəlxalq Miqrant Günü “İnsan yerdəyişməsinin potensialından istifadə edilməsi” şüarı altında keçirilir. Miqrasiyanın artan əhəmiyyəti özünü son illər beynəlxalq aləmdə baş verən proseslərdə daha aydın büruzə verir".

Xidmət rəisi pandemiya dövründə ölkəmizin miqrasiya siyasətinin bu qəbildən olan insanların rahatlığı, inzibati prosedurların mümkün qədər azaldılması və rəqəmsallaşmanın təşviqi, eləcə də miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi istiqamətində qurulduğunu diqqətə çatdırıb.

Azərbaycanın regionda "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakta, eləcə də BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin himayəsi ilə başlanmış “Çempion ölkələr" təşəbbüsünə qoşulan ilk ölkə kimi müsbət dəyər yaradacağına inandığını bildirib: "Həmçinin BMqT tərəfindən Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasının regional tərəfdaşlığın möhkəmlənməsinə və genişlənməsinə xidmət edəcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməsi ölkədə və regionda miqrasiya proseslərinə təsirsiz ötüşməyəcək. BMT və digər ixtisaslaşmış BMT təşkilatları ilə yeni əməkdaşlıq çərçivələrinin yaradılması istiqamətində əlavə tədbirlər zəruridir".

Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva bildirib ki, dünyanı cənginə alan pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin üzərinə məsuliyyət düşüb. Onun sözlərinə görə COVID-19 dövründə miqrasiya sahəsində qlobal səviyyədə problemlər olub: "Həmçinin vətəndaşlığa qəbul, xitam, olduqları yer üzrə qeydiyyata alınması, koronaviusla bağlı sərhədlərin bağlanması nəzərə alınmaqla icazə müddətlərini uzanması, iş icazələrinin verilməsi ilə təxirəsalınmaz tədbirlər görülüb. Müvəkkilə müraciətlər əsasında xidmətlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər görülüb. İnsan hüquqlarının təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübə əsasında əhalinin hüquqi maarifləndirilməsi istiqamətində fəaliyyəti davam etdiririk. Preventiv qrupun üzvləri qanunsuz miqrantların saxlanıldığı mərkəzlərə baxış keçirir, saxlanılanların vəziyyəti, qidalanması, saxlanma şəraiti, onlarla rəftar öyrənilir. Mümkün köməkliklər göstərilir".

BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev deyib ki, miqrasiya istiqamətində dövlət qurumları, özəl sektor, agentliklər, miqrantlarla birlikdə çalışırlar: "Azərbaycan xaricdən edilən ödənişlər baxımından “TOP-20” ölkələrindən biridir. Azərbaycan məcburi köçkünlərin sayına görə də “TOP- 20”də yerləşir. Onların öz yerlərinə qayıtması üçün bütün dəstəyi göstərməyə hazırıq. 10 il ərzində əmək qüvvəsi də 3 dəfə artıb".

O qeyd edib ki, bir sıra qlobal iqtisadiyyat sahələri miqrant işçilərindən asılıdır: "Bir sıra məsələlər müzakirə olunmalıdır ki, gələcəkdə miqrasiya axınlarını daha yaxşı necə idarə edə bilərik. Növbəti il Beynəlxalq Miqrasiya Forumu keçiriləcək. Azərbaycanı da o forumda görmək istərdik".

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva deyib ki, 2020-ci ildə miqrantlar dünya əhalisinin 3.6 faizini təşkil edib: "Bununla yanaşı insanlar ölkədaxili miqrasiya da edirlər. Son iki ildə bunun ləngiməsinin şahidi olduq. Biz bir yerdə olsaq miqrasiya hamı üçün keçərli və yaxşı olacaq. Miqrantların səsini ucaltmalıyıq. Heç kəsi geridə qoymamalıyıq. Miqrasiya məsələlərini tək başına heç bir ölkə həll edə bilməz. Buna görə beynəlxalq əməkdaşlıq lazımdır".

Daha sonra Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorinonun Beynəlxalq Miqrant Günü ilə bağlı videomüraciəti yayımlanıb.

Tədbirdə Beynəlxalq ekspert Yasmina Pinjo tərəfindən BMT-nin dəstəyi ilə hazırlanmış Azərbaycanın Milli Miqrasiya Profilinin təqdimatı keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR