BMT nümayəndəsi: Regionlardakı qadınlar iqlim dəyişikliyindən daha çox əziyyət çəkir - FOTO

BMT nümayəndəsi: Regionlardakı qadınlar iqlim dəyişikliyindən daha çox əziyyət çəkir - FOTO
# 07 mart 2024 18:18 (UTC +04:00)

ADA Universitetində iqlim dəyişikliyi və qadınların rolu mövzusunda panel müzakirəsi keçirilib.

APA xəbər verir ki, panel müzakirəsi BMT-nin Azərbaycandakı Nümayəndəliyinin və ADA Universitetinin təşkilatçılığı ilə baş tutub.

Panel müzakirəsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, qadın hüquqlarının qorunması ilə bağlı dövlət siyasəti həyata keçirilir. O deyib ki, Komitə tərəfindən gender məsələləri ilə bağlı təhlillər aparılır:

“Gender məsələləri ilə bağlı təhlilləri aparmaq üçün regionlarla işləyirik. Əvvəllər bu təhlillərin hazırlanması ilə bağlı regionlara müraciət edəndə, sorğu göndərəndə problemlərlə üzləşirdik, bu təhlillərin suallarına ətraflı cavab ala bilmirdik. Artıq 4 ildir ki, bu proses gedir və biz ətraflı təhlillər hazırlaya bilirik. Gender təhlili gender balansının təminatı ilə bağlı uğurlar əldə etməyə imkan verəcək”.

O bildirib ki, iqlim dəyişikliyi bilavasitə qadınlara aid, onlara təsir edən məsələdir: “Bu prosesdən, onun nəticələrindən ən çox əziyyət çəkən qadınlardır. Yoxsulluq, ərzaq çatışmazlığı, su çatışmazlığı bu problemin nəticələridir və birbaşa qadınlara təsir edir. Övladlarımızı iqlim dəyişikliyinə hazırlamalıyıq”.

Sədaqət Qəhrəmanova işğaldan azad olunmuş ərazilərdə ətraf mühitin vəziyyətinə toxunaraq Komitənin həmin ərazilərdə ailə mərkəzlərinin yaradılması üzərində işlədiyini deyib və əlavə edib ki, bu mərkəzlərin məqsədi ora köçən ailələr, qadınlarla işləmək olacaq.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva paneldə çıxışında deyib ki, iqlim dəyişikliyi, dayanıqlı inkişaf, gender bərabərliyi istiqamətində BMT vacib işlər görür.

"Regionlarda yaşayan qadınlar iqlim dəyişikliyindən daha çox əziyyət çəkir. İqlim dəyişikliyi qadınlara və kişilərə necə təsir edir, bunu daha dərindən analiz etməli, müvafiq addımlar atmalıyıq. Qadınların iqlim dəyişikliyi ilə mübarizədə, bu istiqamətdə layihələrin hazırlanmasında və reallaşdırılmasında fəal iştirakını, onların liderliyini görmək istəyirik. Qadınların, qızların potensialının gücləndirilməsi istiqamətində imkanların yaradılması vacibdir", - BMT nümayəndəsi vurğulayıb.

O deyib ki, COP29 çərçivəsində BMT Nümayəndəliyi Azərbaycana mütəxəssislər dəvət edəcək, onlar iqlim dəyişikliyinə adaptasiya ilə bağlı təkliflərini verəcək:

"COP29 iqlim dəyişikliyi, problemin ciddiliyi ilə bağlı maarifləndirmə üçün mükəmməl bir platforma olacaq. Gəncləri də iqlim dəyişikliyi ilə mübarizəyə cəlb etmək vacibdir. Biz əl-ələ verərək addımlar atmalıyıq".

Millət vəkili Nigar Arpadarai çıxışında deyib ki, qadın liderlərin meydana çıxması üçün təhsil və təlim vacibdir: "Əgər qadınlar maliyyə baxımından müstəqil deyilsə, onların səsi olmayacaq".

O deyib ki, təhsilli, iqtisadi cəhətdən müstəqil olan qadınlar daha sonra digər sahələrə, eləcə də iqlim dəyişikliyinə təsir edə biləcək.

"İqlim dəyişikliyi qaynar bir mövzudur, iqlim dəyişikliyi ucbatından köçkün düşənlərin 80 faizi qadın və uşaqlardır, onlar cəmiyyətin həssas qrupudur", Nigar Arpadarai deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR