Buraxılış imtahanlarının yoxlanılmasının çox vaxt aparmasının səbəbi açıqlanıb

Buraxılış imtahanlarının yoxlanılmasının çox vaxt aparmasının səbəbi açıqlanıb
# 15 dekabr 2023 12:21 (UTC +04:00)

Təhsil sistemində ən əsas rol məhz müəllimə məxsusdur.

APA xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, hökumət tərəfindən həyata keçirilən bütün islahatların nəticəsi müəlimin bilik və bacarığından, səriştəsindən, onun sinifdə, auditoriyada apardığı işdən, davranışından, nəhayət, onun şəxsiyyətindən asılıdır:

"Hər bir təhsilalanın uğurunun 80-90 faizini müəlimin əməyi təşkil edir. Lakin biz yaxşı bilirik ki, müəllim hazırlığının keyfiyyətini yüksəltmədən, təhsilin məzmununu yeniləmədən, təlim metodlarını təkmilləşdirmədən, qabaqcıl beynəlxalq təcrübəni öyrənib tətbiq etmədən təhsil sahəsində inkişafa nail olmaq mümkün deyil. Fikrimcə, bu kimi taleyüklü məsələlərin həlli bizim təcrübəli müəllimlərimizlə yanaşı, gənc pedaqoji kadrların da öhdəsinə düşür. Bir az əvvəl çıxışımda qeyd etdiyim kimi, Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin əsas istiqamətləri birbaşa müəllimlər ordusu ilə bağlıdır".

"Bizimlə əməkdaşlıq edən marker-müəllimlərin fəaliyyətini xüsusi qeyd etmək istərdim. Açıq tipli tapşırıqları yoxlayan markerlər həm öz fənlərini yüksək səviyyədə bilən, həm müasir təlim üsulları və metodologiyaları ilə tanış olan, həm də təşəbbüskar müəllimlərdir. Təəssüf ki, hazırda markerlərin sayı kifayət qədər olmadığına görə buraxılış imtahanlarının nəticələrinin yoxlanılması çox vaxt aparır. Fürsətdən istifadə edərək, mən öz biliyinə güvənən, yeni alətləri mənimsəməyə açıq olan müəllimlərimizi DİM-lə əməkdaşlığa dəvət edirəm" -, deyə o qeyd edib.

DİM sədri, həmçinin deyib ki, 5-10 ildən sonra müəllimlər ordusunun tərkibini müəyyən etmək məqsədilə Dövlət İmtahan Mərkəzi pedaqoji ixtisaslara qəbulla bağlı geniş araşdırma və təhlillər aparır:

“Son illər ərzində həm pedaqoji ixtisaslara ərizə verənlərin sayı, həm də qəbul planı artıb. Fənlər üzrə müəllimlik ixtisaslarına qəbul olan abituriyentlərin balına baxsaq, burada biz məhz riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarının siyahıda ilk yerlərdə olduğunu görürük ki, bu da həmin fənlərin buraxılış imtahanında olması ilə bağlıdır".

O deyib ki, müəllimlik ixtisasını seçən abituriyentlər daha çox bölgələri təmsil edirlər, lakin müqayisə göstərir ki, 2023-cü ildə müəllimlik ixtisaslarını seçən şəhər abituriyentlərinin sayı artıb:

"Təqdim olunan təhlil analitik araşdırmanın cüzi bir hissəsidir, araşdırmanın nəticələri tam şəkildə hər fənn üzrə ayrılıqda Elm və Təhsil Nazirliyinə təqdim olunacaq, eyni zamanda “Abituriyent” jurnalının 12-ci sayında dərc olunacaq, internet saytımızda da yerləşdiriləcək.

Hər il olduğu kimi, bu il də ayrı-ayrı şəhər və rayonların, məktəblərin məzunlarının imtahan nəticələri müvafiq regional təhsil idarələrinə təqdim olunacaq. Təhsil sahəsində islahatlar aparılarkən statistik təhlil mütləq nəzərə alınmalıdır. Yalnız bu yolla biz hansı istiqamətdə getdiyimizi, qoyduğumuz hədəflərə nə dərəcədə yaxın olduğumuzu müəyyən edə bilərik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR