Avstraliyada keçirilən festivalda Azərbaycan da təmsil olunub

Avstraliyada keçirilən festivalda Azərbaycan da təmsil olunub
# 15 fevral 2016 07:46 (UTC +04:00)

Bakı-APA. Avstraliyanın Paytaxt Ərazisinin Çoxmədəniyyətli Məsələlər Nazirliyi tərəfindən Kanberra şəhərində Milli Çoxmədəniyyətli Festival keçirilib.

Azərbaycanın Avstraliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, festivalda 80-dən çox millətin nümayəndəsi, ictimai birlik və diplomatik nümayəndəlik iştirak edərək öz xalqlarının mədəniyyətlərini, musiqilərini və mətbəxlərini nümayiş etdiriblər.

Azərbaycan səfirliyi də festivalda iştirak edərək Azərbaycan mətbəxinin və mədəniyyətinin tanıdılması məqsədilə iki guşə təşkil edib.

Festival çərçivəsində Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən suvenirlər və broşürlər, “Foreign Affair” jurnalının xüsusi buraxılışı olaraq dərc olunmuş “Azerbaijan 2020: Turning Strength into Sustainability”, eləcə də “Baku” və “İrs” jurnalları paylanıb, milli mətbəx nümunələri nümayiş olunub.

Festival çərçivəsində Azərbaycandan gəlmiş Dövlət Mahnı və Rəqs ansamblının solistləri, əməkdar artistlər Sevinc Həsənli və Elnur Süleymanov, eyni zamanda avstraliyalı rəqqasə Körsti Françes milli rəqs nümunələri, tarzən Şəhriyar İmanov milli musiqi ifa edib.

Azərbaycanlı musiqiçilərin çıxışları avstraliyalılar tərəfindən böyük maraqla qarşılanıb.

Təşkilatçıların məlumatına əsasən, festivalda 380 mindən artıq ziyarətçi qeydə alınıb.

Həmçinin, Azərbaycan mədəniyyətinin Avstraliyada tanıdılması məqsədilə Səfirliyin dəstəyi və Avstraliya-Türkiyə Təşviqat İttifaqının təşkilatçılığı ilə fevralın 21-də S.Həsənli, E.Süleymanov və Ş.İmanovun iştirakı ilə Sidney şəhərində konsert keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR