Deputat: “Səhiyyə qurumlarının rəhbərləri açıq bildirməlidir ki, icbari tibbi sığorta sistemini qurmağı bacarmırlar”

Qüdrət Həsənquliyev

© APA | Qüdrət Həsənquliyev

# 15 oktyabr 2021 12:53 (UTC +04:00)

“Niyə səhiyyə qurumlarının rəhbərləri icbari tibbi sığorta sahəsində problemlərlə bağlı özlərində güc tapıb prezidentə müraciət etmirlər?”

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bu sahədə xaricdən mütəxəssislər cəlb etmək lazımdır: “Onlar Prezidentə məruzə etsinlər ki, bacarmırlar. İcbari tibbi sığorta ilə bağlı problemləri aradan qaldırmaq üçün xaricdən mütəxəssislər dəvət edilməlidir. Səhiyyə sahəsində də yanlış qərarlar olur. Bunlardan biri də TƏBİB-in yaradılması olub. Ya bu qurum Səhiyyə Nazirliyinin tabeliyinə verilməli, ya da Səhiyyə Nazirliyi ləğv olunmalıdır”.

MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, icbari tibbi sığortanı həyata keçirməzdən öncə dünyanın bir çox ölkəsinin təcrübəsini götürülüb: “Mən öngörən deyiləm ki, bunun nə vaxt tam həyata keçiriləcəyini söyləyim. Onu deyə bilərəm ki, bu sahədə problemlər ilbəil azalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR