Dövlət Komissiyası: 3079 itkin ailəsindən 9 544 bioloji nümunə toplanıb

Dövlət Komissiyası: 3079 itkin ailəsindən 9 544 bioloji nümunə toplanıb
# 26 yanvar 2022 12:09 (UTC +04:00)

Bu günə qədər 3079 itkin ailəsindən 9 544 bioloji nümunə toplanıb”.

Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O qeyd edib ki, bioloji nümunələrin toplanması respublikamızın bütün rayonlarını tam əhatə edib: “Təəssüf ki, pandemiya ilə əlaqədar olaraq bu iş bir müddət dayanmışdı. İtkinlərin axtarışı ilə bağlı vətəndaşların çoxsaylı müraciəti nəzərə alınaraq, Dövlət Komissiyasının sədri cənab Əli Nağıyevin ötən il verdiyi tapşırığa əsasən, BQXK ilə bu işin davam etdirilməsinə qərar verildi. Hazırda bu iş qərb rayonlarında davam etdirilir. Plana uyğun olaraq, prosesin cari ilin payızına kimi başa çatdırılması nəzərdə tutulur. Bu günə olan məlumata görə, 3079 itkin ailəsindən 9 544 bioloji nümunə toplanıb. Cari il ərzində təxminən 2696 bioloji nümunənin götürülməsi nəzərdə tutulur”.

İşçi qrupunun rəhbəri nəzərə çatdırıb ki, hazırda tapılmış və gələcəkdə işğaldan azad edilmiş ərazilərdə tapılacaq meyit qalıqlarının eyniləşdirilməsi üçün bioloji nümunələrin toplanması vacib addım idi: “Əgər bu gün əlimizdə bu bioloji nümunələr olmasaydı, çox çətin vəziyyət yaranardı. Zaman keçdiyi üçün itkin ailələrinin müəyyən hissəsinin artıq həyatda olmadığını, başqa ölkələrə köçdüyünü nəzərə alsaq, bioloji nümunələrin götürülməsi ilə bağlı atılmış addım Dövlət Komissiyasının prosesə hazır olmasına yardım edib. Müharibənin acı reallıqlarına baxmayaraq, Dövlət Komissiyası bu prosesdə mümkün nəticənin əldə olunmasına çalışacaq”.

İsmayıl Axundov əlavə edib ki, DNT profillərinin çıxarılması üçün ilkin olaraq 82 itkin ailəsindən götürülmüş 220 bioloji nümunə DİN Kriminalist Tədqiqatlar İdarəsinin laboratoriyasına təhvil verilib: “Kriminalist Tədqiqatlar İdarəsinin laboratoriyasından verilən məlumata görə, 220 bioloji nümunənin hər biridən 100 % nəticə əldə edilib. Yəni götürülmüş bionümunələr eyniləşdirilmə prosesinin aparılması üçün yararlıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR