Bakı. Könül Kamilqızı – APA. Gələn il Azərbaycan və Fransa arxeoloqları Goranboy və Tovuz rayonlarında arxeoloji qazıntı işləri aparacaqlar. Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Fransa Elmi Araşdırmaları Milli Mərkəzi arasında birgə tədqiqatlarla bağlı razılaşmaya uyğun olaraq, arxeoloji tədqiqatları Azərbaycan tərəfindən institutun əməkdaşları - tarix üzrə fəlsəfə doktorları Fərhad Quliyev, Müzəffər Hüseynov, Bəxtiyar Cəlilov, Fransa tərəfindən professor Bertille Lyonnett və Culio Palumbi aparacaqlar.
Artıq Goranboy və Tovuz rayonları ərazisində arxeoloji tədqiqatlar üçün ilkin işlər görülüb, xeyli arxeoloji material toplanılıb.
Bu rayonların ərazisindəki son eneolit və ilk tunc dövrü abidələrində birgə geniş arxeoloji qazıntıların davam etdirilməsi nəzərdə tutulub. Tədqiqatlar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri Avropanın qabaqcıl laboratoriyalarında analiz ediləcək.