Bakı - APA. Oktyabrın 18-də İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin hərbi "Dəmavənd" və "Cövşən" gəmilərinin Bakıya rəsmi səfəri planlaşdırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.
1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri və bir sıra digər tədbirləri nəzərdə tutulub.
Gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.
Səfər oktyabrın 21-dək davam edəcək.