Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya keçirilib - FOTO - VİDEO

Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya keçirilib

© APA | Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya keçirilib

# 18 sentyabr 2021 13:29 (UTC +04:00)

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə müəssisəsi “Daşkəsən Dəmir Filiz” (DDF) MMC-nin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə Daşkəsən rayonunda yerləşən Güney-Zağalı su anbarının ətrafında ekoloji aksiya keçirilib.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, Güney-Zağalı su anbarı Daşkəsən şəhərindən 8 kilometr cənubda, Xoşbulaq və Zağalı kəndlərinin arasında - Qoşqarçay dərəsində yerləşir. Qoşqarçay və Hamamçayın suyu ilə qidalanan su anbarı 1959-cu ildə layihələndirilmiş, 1969-cu ildə inşası başa çatdırılmışdır. Su anbarı Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının Saflaşdırıcı Fabrikində nəm üsulla konsentrat istehsalı üzrə texniki suya tələbatın ödənilməsi məqsədi ilə inşa edilmişdir. Qeyd edilən dövrdə illik 1 milyon ton konsentrantın istehsalı üçün su anbarından 3 milyon kub metr həcmində su təchiz edilirdi. Gələcəkdə nəzərdə tutulan illik 1.2 milyon ton konsentratın istehsalı üçün su anbarından təchiz ediləcək sərfiyyat 3.6 milyon kub metr təşkil edəcək. Hazırda DDF MMC-nin balansında olan hövzənin ümumu su həcminin artırılması və su ehtiyatının mühafizəsi üçün müvafiq tədbirlər görülür. Su ehtiyatının daha səmərəli istifadəsi məqsədilə Güney-Zağalının deqradasiyaya məruz qalmış infrastrukturu yenidən qurulur.
Qeyd edək ki, 18 sentyabr Beynəlxalq Sahilyanı Təmizlik Gününə həsr edilmiş aksiya çərçivəsində “AzerGold” QSC və ETSN-nin əməkdaşlarının iştirakı ilə su hövzəsinin ətrafı müxtəlif məişət tullantılarından təmizlənib, tullantılar çeşidlənərək təkrar emala yönəldilib. Bununla yanaşı, əraziyə ətraf mühitinin mühafizəsinə dair maarifləndirici lövhələr yerləşdirilib.
Tədbirin əsas məqsədi su hövzələrində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin tullantılarla zibillənməsinin qarşısını almaq və təbiətin qorunmasına töhfə verməkdir.
Aksiya çərçivəsində, həmçinin balıq növlərinin təbii populyasiyasının artırılması məqsədilə su hövzəsinə yerli şəraitə uyğun olaraq qızılxallı forel körpələri buraxılıb. Balıqların suya buraxılması mərasimində Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, DDF MMC-nin Baş direktoru Oqtay Məmmədov iştirak edib.
Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn irimiqyaslı aksiyaların keçirildiyi təqvimdir. Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsi hər il bu günü qeyd edir. Bu məqsədlə bütün dünya üzrə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR