Bakı - APA-Economics. OPEC 2017-ci ildə neftin qiymətlərin minimum 50-55 dollar olması üçün səfərbər olunacaq. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu Əlcəzairin energetika naziri Nurəddin Buterfa deyib.
"OPEC ölkələri və Rusiya İstanbulda keçiriləcək Beynəlxalq Enerji Konqresində qeyri-formal formal görüş keçirəcək. Görüşdə hasilatın məhdudlaşdırılması ilə bağlı danışıqlar aparılacaq. İstisna olunmur ki, OPEC hasilatı Əlcəzairdə əldə etdiyi razılaşmada qeyd edilən göstəricidən 1% az azaltsın", - deyə nazir qeyd edib.
Xatırladaq ki, Əlcəzairdə keçirilən görüşdə OPEC üzvləri sutkalıq neft hasilatının 32,5 - 33 mln. barrel səviyyəsində məhdudlaşdırılması ilə bağlı qeyri-formal razılıq əldə edib. Beləliklə, bazardan sutkalıq 740 min barrel neftin çıxarılacağı ehtimal olunur.