Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı "Sağlam ürək həftəsi" çərçivəsində aksiya keçirilib. APA-nın xəbərinə görə, aksiya çərçivəsində ilkin tibbi müayinə aparılıb, qanda şəkərin və xolesterolun miqdarı ölçülüb, ürək sağlamlığının qorunması üçün ödənişsiz həkim məsləhətləri verilib.
29-30 sentyabr tarixlərində keçiriləcək aksiyada iştirak edən hər bir vətəndaşa oktyabrın 15-dək Mərkəzi Klinikada koordioloji chek-up müayinəyə 50%-lik güzəşt kuponları təqdim edilib.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev bildirib ki, sentyabrın 29-u Dünya Ürək Günü kimi qeyd edilir. Onun sözlərinə görə, bu aksiyaları keçirməkdə məqsəd insanları ürək-damar xəstəlikləri barədə məlumatlandırmaqdır: “Aksiyaların insanların kütləvi olduğu yerlərdə keçirilməsinin çox böyük effekti olur. Bu aksiyalar 2010-cu ildən etibarən keçirilir və bu günə kimi müxtəlif bölgələrdə də təşkil olunub. Gələcəkdə də bu kimi tədbirləri həm Bakıda, həm də regionlarda təşkil etmək imkanlarımız var. Hər bir kəsə sağlam ürək arzulayıram. Amma ürəyimizin sağlam olması üçün ürək sağlamlığımızın qeydinə qalmalıyıq. Belə ki, hər bir insan öz həyat tərzində çox sadə dəyişiklər edərək ürək sağlamlığını qorumuş ola bilərik”.