OPEC-in ikinci ən iri neft ixracatçı ölkəsi olan İraq, təşkilatın bu ayın sonunda keçiriləcək iclasında istehsalçıların hasilatın dondurulması ilə bağlı razılıq əldə edə bilməsi üçün təkliflər irəli sürəcək. Bu da öz növbəsində neftin bahalaşmasına gətirib çıxaracaq.
“APA-Economics” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat İraqın Neft Nazirliyinin bu gün yaydığı bəyanatında yer alıb.
Maraqlıdır ki, təklifin detalları barədə məlumat verilməsə də, İraqın neft naziri Cabbar əl-Luayibi bəyanatda ölkəsinin hasilatı dondurmayacağına işarə vurub. “Qanuni tələblər razılığın əldə olunmasına maneə kimi qiymətləndirilməməlidir. İraq hasilatın dondurulmasına nail olmaq üçün tərəfləri bir-birinə yaxınlaşdıracaq təkliflərlə çıxış edəcək”, - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, OPEC-in xüsusi komitəsinin Vyanada keçirilən iclasında kartelə üzv ölkələrin energetika nazirlərinin noyabrın 30-da keçiriləcək rəsmi görüşündə oxşar müzakirələrin aparılması qərara alınıb. Bu vaxta qədər hasilatın müəyyən səviyyədə dondurulması və istehsalın azalması ilə bağlı göstəricilərin dəqiqləşəcəyi gözlənilir.