Bakı. Yeganə Laçınzadə - APA-Economics. "ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artırmamaqla düzgün addım atdı. Çünki inflyasiya hələlik aşağı səviyyədədir".
"APA-Economics" xəbər verir ki, bunu Minneapolis ştatının Federal Ehtiyyat Bankının prezidenti Nil Kaşkari bildirib. Qeyd edək ki, bu il N. Kaşkari FED-in iclaslarında səsvermə hüququna malik olmasa da, onun müzakirələrdə iştirak etmək hüququ var.
"Mən sentyabrın 21-də keçirilən iclasda uçot dərəcəsinin sabit qalması barədə qərarı dəstəklədim. Hesab edirəm ki, bu, düzgün qərardır. Fikrimcə aşağı inflyasiya riskləri böyükdür".
Avqustda ABŞ-da işsizliyin səviyyəsi 4,9% idi. FED rəsmilərinin əksəriyyəti bu göstəricinin gələcəkdə də azalacağını proqnozlaşdırır. İnflyasiya isə son 4 ildə 2%-dən aşağıdır. FED üçün hədəflənən səviyyə 2%-dir.
"Mən nə faiz dərəcəsinin artırılmasının, nə də azaldılmasının tərəfdarıyam. Mən sadəcə inflyasiya və işsizliyin səviyyəsini izləyərək optimal qərarın qəbul olunmasının tərəfdarıyam", - deyə N. Kaşkari əlavə edib.