Milli kitabxanada BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Milli kitabxanada BDU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib
# 07 noyabr 2019 12:50 (UTC +04:00)

Noyabrın 7-də Milli kitabxanada Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Milli kitabxananın direktoru, professor Kərim Tahirov, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, millət vəkilləri, BDU-nun rektoru Elçin Babayev, universitetin professorları iştirak ediblər.

Kitabxananın direktoru Kərim Tahirov BDU-dan söz açıb:

"Azərbaycan Xalq Cümhuriyyəti (AXC) islam şərqində çox ilklərə imza atıb. Bunlardan ən gözəli dünyəvi universitetin yaradılmasıdır. BDU demək olar ki, bizim Cümhuriyyətlə yaşıddır. Ən demokratik addımlardan biri də budur. 100 ildir ki, Cümhuriyyətlə qoşa addımlayır. Təəssüf ki, müəyyən dövrdə Cümhuriyyətin fəaliyyəti dayandı. Amma indi müstəqil Azərbaycan Cümhuriyyətin ideyalarını böyük uğurla davam etdirir. Deyərdim ki, bir çox universitet BDU-dan qidalanaraq yaranıb, inkişaf edib. Bu universitet Azərbaycanda kadr hazırlığının özəyində durub. BDU-nun məzunları Azərbaycanın ictimai-siyasi həyatında ən öndə gedən kadrlardır. Bu da BDU-nun xidmətidir".

Nazir müavini Vaqif Əliyev hər kəsi BDU-nun 100 illik yubileyi münasibətilə təbrik edib və universitetin kollektivinə uğurlar arzu edib:

"Bu, tarixi məqamdır. BDU-nun keçdiyi keşməkeşli yol da Azərbaycanın keçdiyi yolla oxşardır. BDU həqiqətən Azərbaycanın tarixi üçün önəmlidir. Çünki çətin bir dövrdə - 1919-cu ildə yaranıb. Çox çətinliklər olmasına baxmayaraq, universitet yarandı, yerləşməsi üçün bina tapıldı. Gələcək fəaliyyəti üçün laboratoriyalar yaradıldı. Ona görə ki, həmin insanlar millətini sevirdi və Azərbaycanın gələcəyi üçün təməl qoydular".

Sonra universitetə həsr olunan, onun keçdiyi yolu özündə əks etdirən video-çarx nümayiş olunub.

Tədbirin davamında AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı bildirib ki, BDU-nun 100 illiyi bütün millətimizin, elmimizin, təhsilimizin, mədəniyyətimizin bayramıdır. O universitetin tarixindən söz açıb:

"O dövrdə müasir anlamda ilk universitet şərqdə yaranıb. Təkcə, dövrün ideologiyası olan dini ideologiya ilə bağlı olmayıb. Universitetdə digər dünyəvi elmlər də öyrənilib. Bizim inkişafımız müasir istiqamətdə getdi".

Millət vəkili əlavə edib ki, BDU-nun tarixi müasir dövlətçiliyimizin tarixidir:

"Universitet çox çətinliklə yarandı. Milli kadrlar olmamasına baxmayaraq, ziyalılar hesab edirdilər ki, universitet xalqımıza lazımdır. Çünki Avropada inkişafın təməlində universitetlər dayanmışdı".

Yazıçı, millət vəkili Hüseynbala Mirələmov da universitetlə bağlı xatirələrini bölüşüb. O qeyd edib ki, BDU ali məktəblərin flaqmanıdır. H.Mirələmov universitetin kollektivini təbrik edib və uğurlar arzu edib.

Daha sonra BDU-nun professorları universitet tarixindən söz açıblar.

Sonda çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, ən çətin iş kitab və məqalənin sonunu yazmaqdır. O bildirib ki, ilk sözünü deyən aparır:

"Sonda deyilən sözləri ümumiləşdirməlisən. BDU haqqında kifayət qədər gözəl sözlər söylənildi. BDU-nun dayağı bizə gün kimi aydındı. Ölkə həyatında roluna görə son 100 il keşməkeşli dövr olub. Bu tarixə malik olmaq, formalaşmaq, inkişaf etmək, yenidən daha da güclü inkişafa köklənmək universitetin amalıdır. Dünyada universitetlər məzunları ilə tanınır. BDU-nun kifayət qədər korifeyləri olub. Universiteti yaradanlar, 100 illik tarixində xidmət göstərmiş insanların qarşısında baş əyirik. Uğurlara imza atmaq üçün ölkədə müvafiq şərait olmalıdır. Bizim ölkədə bunun üçün şərait var. Prezidentin imzaladığı 10 sərəncamdan 6-7-si elmə, təhsilə aid olur".

Rektor Milli Kitabxanaya tədbirlə bağlı təşəkkür edib.

Sonda Milli Kitabxananın direktoru Elçin Babayevə BDU-nun 100 illik yubiley münasibətilə Nəsiminin ən qədim əlyazmalarından birini təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR