DSMF sədri: "Dürüstləşdirilmiş büdcə layihəsinin qəbulu sığorta-pensiya sisteminin maliyyə dayanıqlığını artıracaq"

DSMF sədri: "Dürüstləşdirilmiş büdcə layihəsinin qəbulu sığorta-pensiya sisteminin maliyyə dayanıqlığını artıracaq"
# 23 fevral 2016 13:08 (UTC +04:00)

Bakı - APA-Economics. "Prezident İlham Əliyevin rəhbərliyi ilə bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurlu icrasının nəticəsidir ki, hazırkı şəraitdə ölkəmizdə bütün sosial proqramlar vaxtında reallaşdırılır, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir". "APA-Economics" xəbər verir ki, bu barədə Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsinin müzakirəsi zamanı Fondun sədri Elman Mehdiyev bildirib.

Dürüstləşdirilmiş büdcə layihəsində Fondun gəlir və xərclərinin 3 mlrd. 307,4 mln. manat proqnozlaşdırıldığını qeyd edən E. Mehdiyev bildirib ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228,8 mln. manat və ya 7,4% çoxdur.

DSMF sədri məlumat verib ki, gəlirlərin gözlənilən artımının 82,8 mln. manatı və ya 36,2%-i məcburi dövlət sosial sığorta haqları, 146 mln. manatı və ya 63,8%-i dövlət büdcəsindən ayırmalar (transfert) hesabına təmin ediləcək: "2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,6% və ya 227,8 milyon manat çoxdur".

E. Mehdiyev onu da bildirib ki, əmək pensiyalarının ödənişi xərcləri 3 mlrd. 136,1 mln. manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,3% və ya 212,5 mln. manat artımla proqnozlaşdırılır. Xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə bağlı olaraq, bütün növ əmək pensiyalarının baza hissəsinin və baza hissəsinə əlavələrin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artıma müvafiq qulluq stajına görə əmək pensiyalarına əlavələrin artırılması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınıb.

Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin bütün növləri üzrə də artım nəzərdə tutulub. Müavinətlərin ödənişi xərcləri 102,9 mln. manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 17,5% və ya 15,3 mln. manat artımla nəzərdə tutulub.

Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərində 0,9 mln. manat və ya 4,5 faiz artım nəzərdə tutulub, bu istiqamət üzrə xərclər 20,1 mln. manat ilkin məbləğə qarşı 21 mln. manat həcmində proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR