Ölkədə çoxuşaqlı ailələrin sayı azalıb, təkuşaqlıların sayı artıb - SORĞU

Ölkədə çoxuşaqlı ailələrin sayı azalıb, təkuşaqlıların sayı artıb - SORĞU
# 22 dekabr 2021 10:52 (UTC +04:00)

“Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” sosioloji sorğu-tədqiqat keçirilib.

APA-nın məlumatına görə, tədqiqatın məqsədi qlobal miqyasda baş verən radikal sosial transformasiyaların ailələrə təsiri fonunda ölkəmizdə ailədaxili münasibətlərdə müşahidə edilən dinamika və tendensiyaların öyrənilməsi, sosioloji təhlil əsasında aşkara çıxarılmasıdır.

Sorğu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Qarabağ, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə edib, 2400 respondentin iştirakı ilə aparılıb. Tədqiqat çərçivəsində respondentlərin seçimində təsadüfi seçmənin ehtimal ölçüyə mütənasib çoxpilləli klaster seçməsindən istifadə edilib. İlk mərhələdə sorğuda əhatə ediləcək 40 rayon, növbəti mərhələdə həmin rayonlardan 200 yaşayış məntəqəsi seçilib və hər məntəqədən 12 respondentlə sorğu keçirilib. Sorğu anketinin sualları yerli vəziyyət nəzərə alınmaqla yanaşı, beynəlxalq təcrübəyə istinadən hazırlanıb. Sorğu anketi 92 (83 spesifik və 9 sosial-demoqrafik) sualdan ibarətdir. Sorğunun keçirilməsində 15 intervüyer və 2 koordinator iştirak edib. İntervüyerlər üçün Sosial Tədqiqatlar Mərkəzi tərəfindən təlimat qaydaları hazırlanıb. Toplanan məlumatlar xüsusi proqram - SPSS (Statistical Package for the Social Sciences (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib. Respondentlərin sosial-demoqrafik göstəricilərinə əsasən deyə bilərik ki, Respondentlərin əsaslı hissəsi (96.7%) azərbaycanlı və müsəlmandır (98.6%). Seçmə daxilində gender balansı qorunub – kişi (50.3%) və qadın (49.7%). Sorğuda iştirak edənlər arasında 26-35 (26.3%) və 36-45 (23.4%) yaş aralıqlarında olanlar, eləcə də, tam orta təhsillilər (45.7%) üstünlük təşkil edib. Məşğuliyyət statusu cəhətdən dövlət sektorunda çalışanların çəkisi (30.8%) daha çoxdur.

Keyfiyyət əsaslı tədqiqat üçün 27 ekspert-respondentin - vəkil və hüquqşünas, qeyri-hökumət təşkilatı rəhbərləri, sosioloq və psixoloqlar, dövlət məmurları və s. fikri alınıb. Rəyi soruşulanların təxminən üçdə ikisi, yəni 61.2%-i XXI əsr Azərbaycan ailəsinin XX əsr ailəsindən çox, 25.8%-i isə qismən fərqləndiyini düşünür. Bu göstərici müstəqillik dövründə ailənin təkamül və dinamikasında baş verən dəyişikliklərin kifayət dərəcədə hiss edilməsinə dəlalət edir. Nikaha daxil olma evlilik yaşı ilə bağlı münasibət də maraqlı nəticələr doğurub.

Ümumiyyətlə, respondentlər bir qayda olaraq qadınların ən gec halda 27 yaşa qədər evlənməli olduğunu düşünürlər. Qadınların evlilik üçün ən uyğun yaşını 23-27 hesab edən respondentlərin faizi (46.5%), fikrimizcə, maraqlı nəticə olmaqla qadınlar üçün tez evliliyin şərt olmadığını, onların təhsil və karyera sahəsində fəal olmasına dair təsəvvürləri ifadə edir. Həmçinin, müasir ailə modeli barədə təsəvvürlərin möhkəmlənməsinə işarə edir. Başqa millətlərin nümayəndəsindən olan qadın və kişi arasındakı nikaha, aborta, o cümlədən, uşağın cinsinə görə abort olunmasına münasibət də fərqli nəticələrlə yadda qalıb. Məsələn, 55.9% kişi respondent onunla eyni millətdən olan qadının başqa millətlərin nümayəndəsindən olan kişi ilə nikah bağlamasına pis baxır. Oxşar mənzərə fərqli dinlərdən olan şəxslərin nikahına dair də müşahidə edilib. Əhalinin isə olduqca az hissəsi (5%-dən az) abort və selektiv aborta müsbət baxır. Uşağın cinsinə görə selektiv abort olunmasına mütləq əksəriyyət (90%) mənfi baxır, bu məsələdə heç bir göstərici üzrə qruplararası fərq müşahidə edilməyib. Azərbaycanda son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Belə ki, çoxuşaqlı ailələrin sayının azalması və təkuşaqlıların sayının artması narahatlıq doğuran tendensiyalardandır. Təkuşaqlı ailələrin artmasının sosial-psixoloji səbəbləri də ön sıralardadır. Ailədə uşaqların sayının azalması ailənin reproduktiv və tərbiyə funksiyalarının müəyyən qədər pozulmasına dəlalət edir. Müasir dövrdə uşaq böyütmək, hərtərəfli təhsil vermək, gələcəyini təmin etmək çətindir. Belə olduqda əksər ailələr bir uşaqla kifayətlənir. Bu gün Azərbaycanda ailə strukturu uşaqların sayı baxımından tamamilə fərqlidir. Təkuşaqlı ailədə uşaq valideynlərin əzizlədiyi yeganə qayğı və diqqət obyektinə çevrilir, bu da çox hallarda uşağın müstəqillik və yetkinlik şüurunun formalaşmasının gecikməsinə səbəb olur. Müasir ailə modelində ailə quranların fərdi seçimi üstün meylə çevrilib. Ailə qurmaq və boşanmaqla bağlı seçimlər də fərdi verilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR