Bakı. Fərid Mirzəyev – APA. Bu gün bir qrup internet informasiya resursu təmsilçisi Mətbuat Şurasında (MŞ) qəbul edilib. Şuradan APA-ya verilən xəbərə görə, «Azpolitika.info», «Arqument.az», «Mia.az», «Reaksiya.az» və başqa saytların nümayəndələrinin qatıldıqları görüş zamanı həmin media orqanlarının, habelə digər informasiya resurslarının son zamanlar yaydıqları materiallar müzakirə mövzusuna çevrilib.
Qeyd olunub ki, Mətbuat Şurasının apardığı monitorinq zamanı sözügedən materiallarda müxtəlif bölgələrdə ayrı-ayrı şəxslər tərəfindən düzənlənmiş aksiyaların xalq etirazları kimi göstərildiyi müəyyənləşdirilib: “Belə ki həmin materiallar dəqiqləşdirilmədən təqdim edilib, əsasən «facebook» sosial şəbəkəsindəki saxta profillərdə paylaşılanlar mənbə olaraq seçilib. Materiallarda həmçinin ayrı-ayrı vəzifəli şəxslər cinayət əməllərində ittiham olunub, yeni aksiyaların vaxtı anons edilib, bir çox hallarda təhrikedici mövqe ortaya qoyulub”.
Məlumata görə, bu kimi məsələlər barədə görüş iştirakçıları ətraflı məlumatlandırılıb: “Bildirilib ki, hər bir kütləvi informasiya vasitəsi ictimai əhəmiyyət daşıyan məsələlər barədə məlumat yayımlamaqda sərbəstdir. Bu hüquq Azərbaycan qanunvericiliyi ilə təsbit edilib, «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nda da əksini tapıb. Heç bir halda KİV-in azad fəaliyyəti məhdudlaşdırıla bilməz. Bununla belə media cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan məsələlərə yanaşmada həssas olmalı, hadisə və proseslərə münasibətdə obyektivliyi gözləməlidir. Xalq və dövlət üçün müstəsna əhəmiyyət daşıyan məqamlarda reytinq, oxucu kütləsi cəlb etmək naminə sui-istifadələr yolverilməzdir”.
Görüş zamanı MŞ-nin mövcud istiqamətdə tövsiyələri sözügedən internet sayt təmsilçilərinin diqqətinə çatdırılıb, həmçinin bu mövzuda müzakirələr aparılaraq qarşılıqlı maraq doğuran məqamlara aydınlıq gətirilib.