Bakı-APA. Türkiyə ilə miqrasiya sazişinin icrası Avropa İttifaqı üçün prioritet olaraq qalmaqdadır.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə avrokomissar Dimitris Avramopulos deyib.
“Türkiyə-Aİ sazişinin icrası bizim üçün prioritet və “A” planı olaraq qalmaqdadır”, - deyə o Vyanada “Balkan marşrutu” ölkələri sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
Avrokomissarın sözlərinə görə, Türkiyə ilə əməkdaşlığın sayəsində Aİ-yə qaçqın axını xeyli azalıb.
Qeyd edək ki, martın 8-də Aİ və Türkiyə arasında “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya saziş əldə olunub. Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir.