Bakı. Türbət Bağırova - APA. Səudiyyə Ərəbistanı xarici işlər naziri Adel əl Cubeyr ölkəsi ilə İran arasındakı münasibətlərin normallaşmasında Pakistanın vasitəçilik edəcəyi barədə yayılan xəbərləri təkzib edib.
APA-nın “Əl Ərəbiyə”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Saudi Gazette” nəşri məlumat yayıb.
Ərəb-Hindistan Əməkdaşlıq Forumunun sessiyasında iştirak edən nazir qeyd edib ki, bəzi ölkələr artıq Ər-Riyadla Tehran arasında vasitəçilik etməyə hazır olduqlarını bildiriblər. Onun sözlərinə görə, İranın müsbət cavab verməyəcəyi halda hər hansı vasitəçilikdən söhbət gedə bilməz.
“35 ildən çoxdur ki, İran ərəb dövlətlərinin daxili işlərinə müdaxilə edib, məzhəblərarası nifaqı və terrorizmi dəstəkləyib. İranda elə hökumət qurumları var ki, terror təşkilatları kimi qeydə alınıb. İranın təhlükəsizlik qurumlarında terrorizmlə əlaqəsi olan rəsmilər də var. İran öz siyasətini dəyişməli və mehriban qonşuluq prinsipləri əsasında qonşularla münasibət qurmalıdır”, - deyə Adel əl Cubeyr əlavə edib.