TƏBİB-ə veriləcək xəstəxanalara müraciət edən vətəndaşların onlayn qeydiyyatı aparılacaq

TƏBİB-ə veriləcək xəstəxanalara müraciət edən vətəndaşların onlayn qeydiyyatı aparılacaq
# 13 sentyabr 2019 15:43 (UTC +04:00)

"2020-ci il yanvarın 1-dən etibarən icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə başlanılacaq. Keçidlə bağlı bu ildən TƏBİB-in tabeliyinə veriləcək tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun qurulması işlərinə start verilib".

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İT və İnnovasiyalar idarəsinin şöbə müdiri Misirxan Sadıqzadə deyib. Onun sözlərinə görə, İKT-nin qurulması icbari tibbi sığortanın məlumat bazasının, proqram təminatının yaradılmasına və tətbiqinə şərait yaradacaq:

"Proqram təminatı elektron sistemə bir çox məlumatların daxil edilməsinə və xəstəxanalara müraciət edən vətəndaşın onlayn qeydiyyatının aparılmasına imkan yaradacaq. Bununla proqram təminatı vasitəsilə müraciət edən şəxsin sığortaolunan olub-olmamasını müəyyənləşdirmək mümkün olacaq. Eyni zamanda, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə haqqında məlumatları da sistemə daxil etmək mümkün olacaq. Həmçinin bu, vətəndaşların zaman və məkandan asılı olmayaraq diaqnozları və laborator analizlərin nəticələri haqda məlumatları asanlıqla əldə edəcəklər".

Şöbə müdiri qeyd edib ki, bu günədək 80 tibb müəssisəsi 2000 ədəd kompüter avadanlığı ilə təchiz olunub:

"İnternetə çıxışın təmin olunması məqsədi ilə tibb müəssisələrinə fiber optik kabel xətləri çəkilir. 50 tibb müəssisəsində kabelləşmə işləri artıq icra olunub, 30 müəssisədə isə davam edir".

M.Sadıqzadə bildirib ki, iyul ayından agentlik tərəfindən xəstəxanalarda təlimlərə başlanılıb:

"Bu günədək Bakı və Sumqayıt şəhərləri üzrə 50 tibb müəssisəsinin, həmçinin 100 regionda yerləşən tibb müəssisələrinin işçiləri üçün təlimlər keçirilib. Qeyd olunan işlərin icrası üçün maliyyə xərcləri Agentliyə ayrılan büdcə vəsaiti hesabına həyata keçirilir".

Şöbə müdiri sonda qeyd edib ki, tibb müəssisələrinin elektronlaşdırılması və müvafiq heyətin təlimatlandırılması üzrə tədbirlər bu ilin sonuna kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR