Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ildə “Azərsu” ASC-nin abunəçilərinin sayı 68 min və ya 5,1% artıb.
“Azərsu”dan “APA-Economics”ə verilən məlumata görə, bu ilin 1 yanvar tarixinə ölkə üzrə 1 377 246 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1 321 405-i və ya 96%-ni əhali, 55 841-i və ya 4%-ni isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir.
Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 66 min və ya 5,2%, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 2 min və ya 4,2% artıb.
İl ərzində abunəçi sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.