Azərbaycan və Avropa Voleybol Federasiyaları arasında rəsmi müqavilə imzalanıb

Azərbaycan və Avropa Voleybol Federasiyaları arasında rəsmi müqavilə imzalanıb
# 23 noyabr 2016 13:47 (UTC +04:00)

Azərbaycan Voleybol Federasiyası (AVF) Avropa Voleybol Konfederasiyası (CEV) ilə rəsmi müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, anlaşma 2017-ci ildə qadın voleybolçular arasında Avropa çempionatının keçirilməsi ilə bağlıdı.

Bakıda baş tutan mərasimdə AVF prezidenti Cavid Qurbanov, gənclər və idman naziri Azad Rəhimov, CEV rəhbəri Aleksandar Boriçiç, vitse-prezidentlər Özkan Mutlugil və Maris Pekalis iştirak ediblər. Yekunda sənədi AVF və CEV prezidentləri imzaları ilə rəsmiləşdiriblər. Tədbirə ölkəmizdə qonaq olan Gürcüstan Voleybol Federasiyasının (GFV) prezidenti İrakli Çaçua da qatılıb.

Yarışa Gürcüstanla birgə ev sahibliyi edəcək ölkəmiz qaydalara əsasən, təşkilatçılığını bu imzalanma ilə rəsmiləşdirib. Sonda AVF və GFV arasında da orta təşkilatçılıqla bağlı saziş imzalanıb.

Qeyd edək ki, sabah saat 18:00-da Heydər Əliyev Mərkəzində Avro-2017-nin püşkü atılacaq. Tədbirdə bir sıra federasiya rəsmilərinin də iştirakı gözlənilir. Mərasimdən sonra isə mətbuat konfransı olacaq. Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi yarış sentyabrın 20-də start götürəcək. 12 gün davam edəcək çempionatın qalibinin adına isə oktyabrın 1-də aydınlıq gələcək.

Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Göygöldə, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.

Yarışa 16 komanda qatılacaq. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, Avro-2015-in mükafatçıları – Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk “beşlik”də qərarlaşan Türkiyə və Almaniya yığmalarıdı. II seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, pley-offda isə Çexiya, Ukrayna və Macarıstan da qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR