Bu gün "Show Me Azərbaijan" layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan xarici blogerlər Gəncədə Ermənistan ordusunun raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olublar.
APA-nın yerli bürosunun məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən "Show Me Azərbaijan" layihəsində Şimali Amerika və Avrasiya daxil olmaqla 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni iştirak edir. Əsasən “Facebook”, “Instagram” və “YouTube” sosial media platformalarında aktivlik göstərən qrupun ümumi izləyici sayı 10 milyon nəfərdən artıqdır. Qonaqlar Azərbaycanın bölgələri və o cümlədən işğaldan azad olunmuş ərazilərə də səfər edəcəklər. Onlar daha əvvəl 28 May - Respublika Günü ilə əlaqədar Bakı şəhəri ilə tanış olublar. Layihənin məqsədi azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri beynəlxalq ictimaiyyətə nümayiş etdirmək, Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanı, onun maddi-tarixi və mədəni irsini sosial şəbəkələrdə tərənnüm etmək, Azərbaycanda mövcud olan unikal multikulturalizm mühitini və ənənələrini beynəlxalq səviyyədə təqdim etməkdən ibarətdir.
Qonaqlara məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alıb. Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb. Törədilmiş belə müharibə cinayətlərindən biri də 100 min əhalinin yaşadığı Bərdə rayonunun hədəfə alınmasıdır. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində isə 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb. Qonaqlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin və binaların ətrafına gül düzüb, dualar oxuyublar.
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elməddin Mehdiyev bildirib ki, səfərin əsas məqsədi azad edilən ərazilərdə mövcud olan vəziyyəti, işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdir. Bu məqsədlə blogerlər bu gün Gəncəyə, sabah isə Ağdama səfər edəcəklər. Ümumilikdə azərbaycanlı blogerlərin də daxil olduğu qrup Qarabağ bölgəsini, Azərbaycanı, onun maddi-tarixi və mədəni irsini beynəlxalq sosial şəbəkələrdə təbliğ edəcəklər.