2014-2015-ci tədris ilində həyata keçirilmiş islahatlar və yeniliklər açıqlanıb

2014-2015-ci tədris ilində həyata keçirilmiş islahatlar və yeniliklər açıqlanıb
# 29 may 2015 14:00 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ilk dəfə 2014-2015-ci tədris ilindən pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə “Gələcəyin müəllimi təqaüdü” verilib. Nazirlər Kabinetinin qərarı ilə dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya verilir, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 manat məbləğində əlavə ödənilir.

“Müəllimlərin etik davranış qaydaları”na əsasən, 2014-2015-ci tədris ilində yeni işə qəbul olunan pedaqoji işçilər “Müəllim andı” içərək fəaliyyətə başlayıblar. Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub. Təlimlərdən uğurla keçmiş və keyfiyyət sertifikatı almış 15 nəfər paytaxtdakı ümumi təhsil müəssisələrinə direktor təyin olunub. 2014-2015-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin 6 ümumi təhsil məktəbində 15 “Sağlam təhsil sinfi” yaradılıb. 2014-2015-ci tədris ilində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 573 nəfər təhsil almaq üçün xaricə göndərilib. 2014-2015-ci tədris ilindən ölkəmizin 7 baza ali təhsil müəssisəsində SABAH qrupları fəaliyyətə başlayıb. Bu qruplarda 34 ixtisas üzrə 755 tələbə təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR