“Nar Mobile” yeni sosial layihə keçirir

“Nar Mobile”  yeni sosial layihə keçirir
# 10 iyul 2014 14:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərfon” şirkəti (“Nar Mobile” ticarət nişanı) yeni “Nitq və eşitmə qüsurlular üçün məktəb” layihəsini reallaşdırmağa başlayıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin iyul, avqust və sentyabr aylarında eşitmə qüsurlu insanların bacarıqlarının artırılması üçün mobil operator tərəfindən xüsusi kurslar təşkil olunacaq. Layihə çərçivəsində təşkil olunacaq kurslara yaşları 15 ilə 28 arasında olan nitq və eşitmə qüsurlu 25 gənc qatılacaq. Məşğələlər florist-dizayner, bərbər, kompüter texnologiyaları və dekorativ əl işlərindən ibarət olmaqla dörd istiqamət üzrə aparılacaq. Mobil operator kurslarda fərqlənən gənclərin işlə təmin edilmələri üçün də lazım olan dəstəyi əsirgəməyəcək.

Fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya edilməsi missiyasına böyük töhfə verən “Nar Mobile” mobil operatoru artıq bir neçə ildir ki, bu təşəbbüslə çıxış edir. Mobil operator özünün “Eşitməmək – düşünməmək deyil” layihəsi çərçivəsində nitq və eşitmə qabiliyyəti məhdud olan insanları işlə təmin etmiş nadir şirkətlərdən biridir. Belə ki, şirkətdə hazırda 15 nəfər eşitmə qabiliyyəti məhdud olan əməkdaş çalışır. Bununla yanaşı, mobil operator eşitmə qüsurlu insanların kompüter biliklərinə yiyələnmələri üçün xüsusi olaraq kompüterdən istifadə video-kursları hazırlamışdır. “Microsoft Word”, “Microsoft Excel”, “Microsoft PowerPoint” və digər əsas kompüter proqramlarını tədris edən video-kurslar eşitmə və nitq qabiliyyəti məhdud olan şəxslər üçün ilkin hazırlıq xarakteri daşımaqla bərabər, onların ofis mühitinə tamamilə rahatlıqla adaptasiya olmaları üçün geniş imkanlar yaradıb.

Fiziki imkanları məhdud olan insanlara karyera fürsəti verən “Nar Mobile” öz təcrübəsindən çıxış edərək digər şirkətləri də nitq və eşitmə qüsurlu insanları işlə təmin etməyə çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR