“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda beynəlxalq konfrans keçirilib

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda beynəlxalq konfrans keçirilib
# 04 iyul 2014 17:47 (UTC +04:00)

AMEA-dan APA-ya verilən məlumata görə, konfransın plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirakçıları salamlayıb və giriş sözü ilə çıxış edib. Bildirib ki, muxtar respublikanın yubileyi ilə əlaqədar tədbirlərin davamı kimi keçirilən beynəlxalq konfrans mühüm əhəmiyyət daşıyır. Ali Məclisin sədri vurğulayıb ki, əlverişli təbii-coğrafi şəraitə malik Naxçıvanda ən qədim zamanlardan məskunlaşan əcdadlarımız tükənməz mədəniyyət nümunələri yaradıblar. V.Talıbov Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm faktorlardan biri kimi sosial-iqtisadi inkişafı qeyd edib. Qarşıda duran əsas vəzifənin blokada ilə bağlı yaranan çətinliyi aradan qaldırmaq, əhali məşğulluğunu təmin etmək, yeni infrastruktur, emal və sənaye sahələri yaratmaq, təhsili, mədəniyyəti, səhiyyəni və elmi daha da inkişaf etdirmək olduğunu vurğulayıb.

Sonra çıxış üçün söz AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə verilib. Akademik bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə qeyd olunan yubiley tədbirləri milli dövlətçilik təfəkkürünün, ərazi bütövlüyü düşüncəsinin daha da möhkəmləndirilməsinə xidmət edən dövlət siyasətinin göstəricisidir. Akademik Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin, ictimai-siyasi fikrin inkişafında bu diyarın mühüm xidmətlərindən bəhs edib. AMEA-nın prezidenti türkdilli ölkələrin 2003-cü ildə Naxçıvanda keçirilmiş Zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradıldığını xatırlatmış, bunu tarixi hadisə kimi qiymətləndirib. Akademik vurğulayıb ki, AMEA-nın Naxçıvan Bölməsi ölkəmizdə nümunəvi elmi qurumlardan biridir. Bunun əsas göstəricisi kimi, muxtar respublikada elmi məktəblərin yaranmaqda olduğunu və Naxçıvan Bölməsində akademiklər korpusunun formalaşdığını qeyd etmək olar.

Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və digər tanınmış elm adamları, həmçinin Türkiyə, Rusiya və Amerika Birləşmiş Ştatlarından qonaqlar da çıxış ediblər. İ.Hacıyev bildirib ki, bu gün muxtar respublikanın bütün dövlət proqramları və infrastruktur layihələrini uğurla həyata keçirməsi ölkədə dinamik inkişafa, irimiqyaslı quruculuq, abadlıq işlərinə şərait yaradır.

Daha sonra A.Əlizadə Naxçıvan Bölməsinin həqiqi və müxbir üzvlərinə AMEA-nın döş nişanlarını təqdim etmişdir. Plenar iclasın sonunda AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov arasında ölkədə elmin inkişafına dair əməkdaşlıq sazişi imzalanıb.

Tədbir 5 bölmə iclasları ilə davam edib. Bölmələrə Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvləri, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini Qadir Qədirzadə və Qədim dövr arxeologiyası şöbəsinin müdiri Vəli Baxşəliyev, həmçinin Naxçıvan Dövlət Universitetinin dekanı Asif Şirəliyev sədrlik edirlər.

Konfrans iyulun 5-də başa çatacaq. Tədbirdən sonra Naxçıvan Muxtar Respublikasının tarixi məkanlarına ekskursiyalar nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR