“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 16 fevral 2018 14:32 (UTC +04:00)

"Sabahın alimləri” VII respublika müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov bildirib ki, şagirdlərin elmi yaradıcılığına həsr olunmuş “Sabahın alimləri” respublika müsabiqəsinə maraq ilbəil artır, iştirakçıların coğrafiyası genişlənir.

C. Bayramovun sözlərinə görə, müsabiqədə ümumilikdə 1187 nəfər iştirak edib: "Onlardan 549 nəfəri qızlar, 638 nəfəri isə oğlanlar olub. Şagirdlərin sonrakı nailiyyətləri Təhsil Nazirliyi tərəfindən təhlil edilib. Tədqiqatla məşğul olan şagirdlərin yüksək balla ölkədəki ali təhsil müəssisələrinə və xarici ölkələrin tanınmış universitetlərinə qəbul olunduqları müəyyən edilib".

Tədbirdə bildirilib ki, bu il 79 şagird tərəfindən hazırlanan 46 layihə münsiflər heyəti tərəfindən seçilib. I yerə 12 şagird (7 layihə), II yerə 28 şagird (15 layihə), III yerə 39 şagird (24 layihə) layiq görülüb.

8 nominasiya üzrə seçilən qaliblər təltif olunub.

Daha sonra bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 3 layihə müəlliflərinin adları açıqlanıb. Qaliblərə diplom, medal və pul mükafatı təqdim edilib.


Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR