Coğrafiya İnstitutu: Azərbaycanın su ehtiyatlarından səmərəli istifadə etmək lazımdır

 Coğrafiya İnstitutu: Azərbaycanın su ehtiyatlarından səmərəli istifadə etmək lazımdır
# 11 avqust 2015 08:34 (UTC +04:00)

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

O, bildirib ki, Azərbaycanda adambaşına düşən su ehtiyatı qonşu Gürcüstandan 7 dəfə azdır: “Ölkədə vəziyyətin lap pis olduğunu demək də doğru olmaz. Azərbaycanın bugünkü su ehtiyatlarından səmərəli istifadə etsək həm məişət, həm kənd təsərrüfatı, həm də sənayedə bu su ehtiyatları bizə bəs edər. Bizim kifayət qədər su ehtiyatımız var. Amma təkrar deyirəm ki, bundan səmərəli istifadə etmək lazımdı”.

Akademikin sözlərinə görə, su ehtiyatlarından səmərəli istifadə üçün tez-tez yeni su anbarları tikilib istifadəyə verilir: “Bildiyim qədər artıq 18-19 yeni su anbarının layihəsi hazırdır. Onlar da yaxın gələcəkdə tikilib istifadəyə veriləcək. Düşünürəm ki, bu saat həm dövlət, həm hökumət bu sahədə diqqətçəkən tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin Taxtakörpü su anbarının açılışında ölkənin su ehtiyatları ilə bağlı məsələyə necə ciddi yanaşdığının şahidi olduq. Prezident Azərbaycan ərazisinin hər kvadrat vahidi üçün nə qədər su ehtiyatı olması ilə bağlı tapşırıq verib. Amma biz alimlər, mütəxəssislər onun tapşırığını yerinə yetirmə bilməmişik. Bunu yerinə yetirmək o qədər də asan deyil. Bunun üçün ilk növbədə Dövlət Proqramı, müəyyən maliyyə dəstəyi lazımdır. Ölkənin mövcud su ehtiyatı yenidən hesablanmalıdır”.

R. Məmmədov qeyd edib ki, Azərbaycanın su ehtiyatı ilə bağlı rəqəmlər son dəfə 60-cı illərdə işlənib: “Azərbaycanın rəhbər işçiləri, alimlər, mütəxəssislər Azərbaycanın su ehtiyatları ilə bağlı 60-cı illərdə bizim institutun professoru Saleh Rüstəmovun hazırladığı rəqəmlərdən istifadə edirlər. Bunun üstündən 50 il vaxt ötüb. Hər şey dəyişib. Ona görə də ölkənin su ehtiyatları ilə bağlı dəqiq rəqəmləri bilmirik. Bunların hamısı yenidən hesablanmalıdır ki, biz bilək bu məsələdə hansı çətinliklər var və qabaqlayıcı tədbirləri görək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR