"Quş qripi" ilə bağlı keçirilən monitorinqin nəticələri açıqlanıb

"Quş qripi" ilə bağlı keçirilən monitorinqin nəticələri açıqlanıb
# 15 may 2015 11:43 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Mayın 4-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 27 baş çöl quşunun patoloji materialları və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 2217 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) APA-ya verilən məlumata görə, müayinə olunmuş nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi müəyyən edilməyib.

Nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli park və qoruqlarda, eləcə də ölkənin dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə xəstə, habelə xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

“Quş qripi”nin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq DBNX, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları tam qapalı şəraitdə saxlanılmalıdır. Heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparmaq yolverilməzdir. Eyni zamanda, DBNX heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılması barədə xəbərdarlıq edib.

Quşların miqrasiyasını və qonşu ölkələr Türkiyə və Rusiyada “quş qripi” xəstəliyinin qeydə alınmasını əsas götürərək növbəti monitorinqin iyunun 1-də başlanması nəzərdə tutulur. Hazırda ölkədə epizootik vəziyyət sabitdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR