"Tibb hüququ - Azərbaycan hüquq elminin yeni sahəsi kimi" mövzusunda konfrans keçirilib

"Tibb hüququ - Azərbaycan hüquq elminin yeni sahəsi kimi" mövzusunda konfrans keçirilib
# 21 fevral 2018 08:52 (UTC +04:00)

"Klinika, həkimlər tərəfindən törədilə biləcək cinayətlərin qarşısını almaq, tibb hüququ ilə bağlı normaları öyrənib vətəndaşlara çatdırmaq üçün bizə savadlı həkimlər lazımdır".

APA-nın xəbərinə görə, bunu AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə "Tibb hüququ - Azərbaycan hüquq elminin yeni sahəsi kimi" mövzusunda keçirilən konfransda deyib.

A. Mustafazadə bildirib ki, son illər səhiyyə sahəsində müəyyən problemlər yaşanır: "Bu sahədə məsuliyyət baxımından problemlər çoxdur. Bunun qarşısını almaq üçün hüquqi normaları və bunları həyata keçirmək üçün maarifləndirici işlər görmək lazımdır. Qarşımızda görüləcək çox iş var. Biz həm qanunvericilik təşəbbüsü ilə çıxış etməli, həm maarifləndirici işlər aparmalı, həm də bu hüquq və vəzifələri vətəndaşlara çatdırmalıyıq".

"Reproduktiv sağlamlıq haqqında qanun çox vacib olsa da, neçə illərdir qəbul olunmur. Bundan başqa, transplantologiya ilə bağlı hazırda çox böyük boşluq, problemlərin olduğunu deyə bilərəm. Bu haqda imzalanan qanun 20 ildir ki, işləmir və kağız üzərində qalıb. Bunlara təkan vermək üçün tibb hüququ elmi lazımdır", - deyə institut direktoru vurğulayıb.

A. Mustafazadə reproduktiv sağlamlıq haqqında qanunun dinlə əlaqələndirilməsinə etiraz edib: "Başa düşmürəm, bunun dinə nə aidiyyəti?! Bu, din deyil, elmdir. Dinin buna heç bir dəxli yoxdur. Ümumiyyətlə, səhiyyə sahəsində problemlər çoxdur. Transplantologiyanı "qara bazar" alıb aparıb. Amma bu məsələ düzgün qurulmalıdır. Beyin ölmünün ekspertizasını aparmaq üçün ayrıca təşkilat olmalıdır. Bu sahələrin hüquqi tənzimlənməsi vacibdir".

Tədbirdə çıxış edən Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Azərbaycanda səhiyyənin inkişaf etdiyini söyləyərək əhalinin artıq müalicə üçün ucqar kəndlərdən Bakıya gəlməsinə ehtiyac qalmadığını deyib. O bildirib ki, səhiyyədə mövcud olan problemlərdən biri həkim səhvidir: "Deyə bilmərik ki, həkim səhvi olmasın. Dünyanın hər yerində həkim səhvi ucbatından xəstənin vəziyyətinin ağırlaşması halları baş verir. Bu məsələlərin hüquqi tənzimlənməsi lazımdır. Son illər tətbiq olunan icbari tibbi sığorta da bu problemlərin həlli sayılır. Tibb sahələri qanunla tənzimləndikdən sonra bir çox məsələlər həllini tapacaq".

Tədbirdə qeyd olunub ki, Bakı Dövlət Universitetində (BDU) tibb hüququ üzrə magistratura ixtisaslaşması açılması istiqamətində işlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR