TQDK müstəqil çalışmaq istəyənlər üçün yeni vəsait hazırlayıb

 TQDK müstəqil çalışmaq istəyənlər üçün yeni vəsait hazırlayıb
# 24 iyun 2013 14:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Tarix” vəsaitini oxucuların istifadəsinə verib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Tarix" vəsaiti məktəb və qəbul proqramlarının məzmun və tələblərinə uyğun olaraq hazırlanıb. Vəsait onun əvvəlki nəşrinin həm məzmun, həm də tərtibat cəhətdən yenidən işlənmiş, daha da təkmilləşdirilib, yeni materiallarla zənginləşdirilmiş versiyasıdır. Vəsaitə əlavə olaraq oxucuların istifadəsinə verilən “Terminlərin izahlı lüğəti və xrono­logiya” kitabı isə ilk dəfədir nəşr olunur: “Təlimin qarşısında duran ən mühüm vəzifələrdən biri şagirdlərdə özünütəhsil (müstəqil təhsil) vərdiş və bacarıqları formalaşdırmaq və inkişaf etdirməkdir. Təəssüf ki, təlim prosesində bu cəhətdən ciddi çatışmazlıqlar müşahidə olunur. Repetitorçuluğun geniş yayılmasının əsas səbəblərindən biri də məhz budur. Odur ki, öz üzərində müstəqil çalışmaq istəyənlər üçün müvafiq vəsaitlərin hazırlanması məsələsi meydana çıxıb. Belə vəsaitlərin fənlər üzrə hazırlanıb nəşr olunması həm də ona görə vacibdir ki, abituriyentlərin müəyyən qismi əvvəlki illərin məzunlarıdır və qəbul imtahanlarına müstəqil hazırlaşmaq üçün onların metodiki cəhətdən mükəmməl vəsaitlərə ehtiyacları var. Vəsaitdə materialların seçimi və şərhi zamanı üç mühüm elementə – müvafiq elmin əsaslarına, təhsilin məqsədlərinə və abituriyentlərin ümumi bilik və yaş səviyyəsinin bir-biri ilə optimal nisbətdə əlaqələndirilməsinə xüsusi diqqət yetirilib. Ümidvarıq ki, məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahatlarındakı yığcamlıq abituriyentlərə və yuxarı sinif şagirdlərinə az vaxtda səmərəli nəticələr əldə etməyə imkan verəcək, onlar üçün gərəkli məlumat mənbəyi olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR