Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilib

 Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilib
# 06 avqust 2013 15:19 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə bütün ixtisas qruplarından kursant qəbulu elan edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədris türk dilində, əyani formada, 4 il müddətində aparılacaq.
Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq 1 illik təkmilləşmə kursuna cəlb olunacaqlar.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də xərclik ilə təmin olunurlar.

Müsabiqədə TQDK tərəfindən bütün qruplar üzrə keçirilən qəbul imtahanında 250 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Qeyd olunub ki, namizədlər 16 - 20 yaş arasında təvəllüdə malik, Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) olan, yaşa uyğun olaraq qəbul edən dövlət tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn (18 yaşdan aşağı olan namizədlər üçün minimum boy/çəki standartları: müvafiq olaraq 16 yaş üçün - 163 sm və 48 kq, 17 yaş üçün 168 sm və 52 kq-dır; 18 və yuxarı yaşlı namizədlər üçün minimum boy/çəki standartları - 169 sm və 54 - 74 kq arası), sağlamlıq baxımından, o cümlədən psixoloji durumu ilə bağlı hər hansı bir problemi olmayan, müvafiq xəstəxanadan “Hərbi müdavim ola bilər” qeyd olunmuş arayış əldə edən, nişanlı, evli, dul olmayan və ya hər hansı bir qadınla və ya kişi ilə nikahsız olaraq birlikdə yaşamayan, eləcə də cinayət məsuliyyətinə cəlb olunmayan, nitqində hər-hansı bir problemi, kəkələmə, pəltəklik və s. bu kimi qüsurlar olmayanlar ola bilərlər.


Məlumatda o da qeyd olunub ki, müsabiqədə iştirak edəcək namizədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi həkim komissiyasından keçdikdən sonra Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunurlar.

Fiziki hazırlıq üzrə yoxlamalardan keçmiş namizədlər Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər. Bu hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 5 nəfər namizəd Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcək.

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər. 1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər avqustun 6-dan 12-dək TQDK-nın internet saytında qeydiyyatdan keçməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR