Ağdam əcnəbi fotoqrafın xatirində: "Gözəl şəhər idi, daha ora getmək istəmirəm..." - VİDEO

Ağdam əcnəbi fotoqrafın xatirində: "Gözəl şəhər idi, daha ora getmək istəmirəm..." - <span style="color: red;">VİDEO
# 23 iyul 2014 12:42 (UTC +04:00)

O, 1992-ci ildə "Reuters"in Moskvada bürosunun baş fotoqrafı olub. Dağlıq Qarabağ müharibəsi başlayanda redaktoru onu Azərbaycana göndərib. Foto-müxbir xatirələrini APA TV-yə danışıb.


"Mənə dedilər, Ağdama getməliyəm. Əvvəlcə Bakıya, sonra isə qatarla Ağdama getdim. Biz qırğından bir neçə gün sonra çatdıq. Ora gedənə qədər müharibənin bu qədər dəhşətli olduğunu bilmirdik. Ağdamda atmosfer sözlə təsvir edilməyəcək qədər qorxulu idi".

İndi 61 yaşında olan Frederique Lengaigne Ağdama gedəndə 41 yaşında olub. Avropa Azərbaycan Cəmiyyətinin dəvəti ilə Azərbaycanda qonaq olan fotoqraf həmin hadisələrin ağrısını-acısını əks etdirən görüntüləri tarixin yaddaşına köçürüb. Cəmiyyətin təşkilatçılığı ilə nəşr olunan kitabda həmin fotoları yer alıb. Jurnalist deyir ki, Ağdamdan öncə işğal olunan ərazilərin sakinləri bu rayona toplaşmışdılar.

"İnsanlar elə bil, mənim şəkil çəkməyimi istəyirdilər. Çox təəccüblü idi mənə. İnsanlar sanki başqa şeylər fikirləşirdilər, bəlkə də heç nə fikirləşmirdilər. Hətta mən Xocalıdan sağ qalmış insanların Ağdama gəlişini öz gözlərimlə gördüm. Əvvəl qaraltı görəndə heç nə hiss etmədim. Azərbaycanlılardan soruşdum, "Xocalından gələn köçkünlərdir" dedilər. Dəhşətli idi. Orda bir sakitlik var idi. Əslində ağlamalı durum idi. Amma heç kim ağlamırdı. İnsanların hissləri donmuşdu. Ölmüş insanların şəklini çəkmək çətindir, amma həqiqətən yaralı insanı çəkmək ondan da çətindir. Siz sanki pis bir şey etdiyinizi düşünürsünüz. Sanki bir film çəkilirdi, qorxulu bir film. İşıqlar, qaranlıq, qışqırıq, elə bil çəkiliş meydançasında idik. Sovet İttifaqı ölkələrində belə hadisələr baş verirdi. Amma Dağlıq Qarabağ başqa idi. Orda, Ağdamda baş verənlərlə bağlı insanlar o qədər də geniş fikirlərə malik deyildilər. Onlar nə baş verdiyini bilmirdilər".

Müsahibimiz deyir ki, Ağdamda xeyli vaxt qalıb. Bu vaxt ərzində bütün dəhşətləri öz gözləri ilə görən fotoqraf xanım insanların faciə yaşadığı halda onların fotosunu lentə alanda vicdan əzabı çəkib.

"Foto-reportyor kimi öz işini görən zaman heç kimə sual verməməlisən. Kənarda dayanmalısınız və sakitcə fotoları çəkməlisiniz. O anda insanlara yaxınlaşıb, nəyisə soruşmaq onların özünü bir daha incitmək idi. Bütün bu şəkilləri çəkdikdən sonra artıq öz həyatıma qayıtmağa başladım. Məni maraqlandırırdı ki, bu insanlar həqiqətən nə hiss edirlər, nəyi görürlər. Amma hələ də bu suala cavab tapa bilməmişəm. Özümü günahkar hiss edirdim. Amma zaman keçdikcə şəkillər tarixin bir hissəsinə çevrildikcə onların dəyəri ortaya çıxır və günahsız olduğunu hiss edirsən".

Müsahibimiz deyir ki, bu cür şəraitdə işləyən jurnalistlər özləri üçün təhlükə hesab etmirdilər. Biz cəbhənin bir hissəsindən o biri hissəsinə sərbəst keçə bilirdik. Amma bu gün münaqişə zonalarında jurnalistlərin çalışması çox təhlükəlidir. Çünki artıq birbaşa hədəf jurnalistlər olur. Bəs görəsən yenidən Ağdama getmək istəyirmi?

"Səmimi deyəcəyəm. Yox, Heç istəmirəm. Bugünkü Ağdamın şəkillərinə internetdə baxıram. İstəməzdim ora getmək. Çünki... Çünki Ağdam mənim xatirəmdə çox gözəl bir şəhər kimi qalıb..."

http://www.compassfilms.net/photos.php?groid=55&medid=1403&peoid=13&lt=&p=1

http://xocali.org/en/index.php?p=photo_archive_lengaigne

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR