AMEA-nın Şərqşünaslıq İnstitutunda 31 mart soyqırımı günü ilə bağlı konfrans keçirilib

AMEA-nın Şərqşünaslıq İnstitutunda 31 mart soyqırımı günü ilə bağlı konfrans keçirilib
# 29 mart 2013 10:08 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda 31 mart soyqırımı günü ilə bağlı konfrans keçirilib.

APA-nın məlumatına görə, institutun direktoru Gövhər Baxşəliyeva ermənilərin bölgədə törətdikləri soyqırım hadisələri haqda danışıb və həqiqətlərin dünyaya çatdırılmasının vacibliyini vurğulayıb.

İnstitutun aparıcı elmi işçisi Solmaz Tohidi-Rüstəmova ermənilərin Quba və Şamaxı qəzalarında törətdikləri qırğınlara diqqəti yönəldib. S.Tohidi-Rüstəmova bildirib ki, hazırda onunda iştirakı və Heydər Əliyev Fondunun dəstəyi ilə ermənilərin törətdikləri qırğınlardan bəhs edən sənədlər toplusu hazırlanır. Onun sözlərinə görə, 2 cildlik kitab yaxın aylarda Azərbaycan və rus dillərində nəşr olunacaq: “Bu arxiv sənədlərində açıq şəkildə göstərilir ki, Şamaxı qəzasında erməni-bolşevik hərbi birləşmələri tərəfindən 10 341 nəfər öldürülüb. İrəvan quberniyasında isə 199 kəndi yandırıblar. Bu hadisələr Birinci Dünya müharibəsi zamanı ermənilərin dövlət yaratmaq cəhdinin nəticəsində baş verib. İki il sonra qondarma erməni soyqırımının 100 illiyini keçirəcəklər. Biz bununla bağlı anti-təbliğat işlərinə başlamalı və inkişaf etdirməliyik”.

İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix elmləri doktoru Əkrəm Rəhimli ermənilərin rus-bolşevik hərbi birləşmələrinin dəstəyi ilə Cənubi Azərbaycanda törətdiyi hadisələrdən danışıb. Onun sözlərinə görə, təkcə Cənubi Azərbaycanda 150 min türk-müsəlman etnik ayrı-seçkiliyin qurbanı olub: “Bütün bunlar Qacar hökumətinin sənədlərinə qeyd olunub. Ümumilikdə isə Azərbaycanda 200 mindən artıq adam erməni-bolşevik birləşmələri tərəfindən şəhid edilib. Ucqarlarda törədilən qətliamlar isə bizə məlum deyil. Bu haqda İranda 10-15 kitab çıxıb. Yəni bu mövzu Cənubi Azərbaycan alimləri tərəfindən araşdırılır. Lakin cəmiyyətdə yayılmasına imkan verilmirlər”.

Osmanlı arxivlərində Qarabağ hadisələri ilə bağlı sənədlərin araşdırıcısı, institutun elmi işçisi Zülfiyyə Vəliyeva deyib ki, bölgədə baş verən hadisələrin əsas səbəbkarı Rusiya olub: “Rusiyanın məqsədi bölgədə müsəlmanları - Osmanlı dövlətini sıxışdırıb çıxartmaq və öz hökmranlığını bərqərar etmək idi. Tiflis və Təbriz nümayəndəliklərindən İstanbula göndərilən məlumatlarda da bunlar öz əksini tapıb. Sənədlərdən görünür ki, əvvəlcə Qacarlar özləri bizim bölgəni müdafiə etmək istəyir. Lakin buna nail ola bilmir və Osmanlı ilə apardığı yazışmalardan sonra bu prosesə Osmanlı dövləti qoşulur”.

Konfransda ermənilərin rus-bolşevik hərbi birləşmələrinin dəstəyi ilə həyata keçirdiyi soyqırım hadisələrinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının vacibliyi vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR