AMEA “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr edilən silsilə tədbirlər keçirir

AMEA “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr edilən silsilə tədbirlər keçirir
# 16 sentyabr 2014 09:59 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə AMEA prezidenti Akif Əlizadə, Tarix Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, akademik Vaqif Abbasov, AMEA Rəyasət Heyətinin nümayəndələri və digər şəxslər iştirak edib.

N.Vəlixanlı “Əsrin müqaviləsi”ndən danışaraq deyib ki, bu müqavilə Azərbaycanın həm siyasi, həm də iqtisadi həyatında mühüm rol oynayıb. O, həmçinin "Əsrin müqaviləsi"nin 20 illiyinə həsr olunmuş kitab-kataloqdan söz açıb: “Kataloq Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan və Azərbaycan neftinin tarixini əks etdirən materiallar əsasında hazırlanıb. 4 tematik bölmədən ibarət olan kataloqda Azərbaycanda neft hasilatı və emalının tarixi barəsində məlumat verilir. Bundan başqa, kataloqda 1000-ə yaxın unikal eksponatlar təqdim olunur. Belə ki, XIX-XX əsrin əvvəllərinə aid nadir tarixi foto şəkillər, texniki qurğu və alətlər, fəhlə geyimləri, sənədlər ölkəmizin neft sənayesinin inkişafını əyani olaraq təsəvvür etməyə imkan verir”.

N.Vəlixanlı vurğulayıb ki, Azərbaycanın görkəmli neftçiləri, neft sənayesi ilə bağlı alimlərinin fəaliyyətləri ilə əlaqədar materiallar böyük maraq doğurur: “Neft daşları”, "Əsrin müqaviləsi" kimi böyük layihələrlə bağlı materiallara kataloqda geniş yer ayrılıb. Bu səpkidə kataloq ilk dəfədir ki, işıq üzü görüb. Kataloq Azərbaycan və rus dillərində nəşr olunub. Kataloq “BP Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə işıq üzü görüb”.

Akademik Vaqif Abbasov isə deyib ki, Milli Azərbaycan Tarixi Muzeyində “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş silsilə tədbirlər sırasında “Azərbaycan neft salnaməsi” sərgisi vacib yer tutur: “Sərgi Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan və Azərbaycan neftinin tarixini əks etdirən materiallar əsasında hazırlanıb. Bu sərgidə 600-dən artıq nadir tarixi foto şəkillər, texniki qurğu və alətlər, sənədlər nümayiş olunur”.

AMEA prezidenti Akif Əlizadə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlardan, Azərbaycan elminin inkişafına ARDNŞ-in göstərdiyi diqqət və qayğıdan geniş bəhs edib. O deyib ki, “Əsrin müqaviləsi”nin geopolitik, siyasi və tarixi əhəmiyyəti ilə yanaşı, Azərbaycan dövlətçiliyinin inkişafında böyük rolu olub: “Bu siyasətin uğurla davam etməsi Azərbaycanı regionun aparıcı dövlətinə çevirdi. Artıq ölkəmizin iştirakı olmadan demək olar ki, Qafqazda heç bir böyük layihə həyata keçirilmir və planlaşdırılmır. “Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR