Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda hər ilin mart və oktyabr aylarında yay və qış vaxtlarına keçid praktikası həyata keçirilir. Azərbaycn milli Elmlər Akademiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dünyanın coğrafi ərazisi böyük olan ölkələri üçün effektiv olan bu praktikanın respublikada tətbiqi məsələsinə yenidən baxılması AMEA-da zəruri hesab edilib. AMEA Rəyasət Heyətinin 11 mart tarixli iclasında astrofizika, energetika, zoologiya, geofizika, coğrafiya, iqtisadiyyat, İKT və digər sahələr üzrə müvafiq mütəxəssislərin iştirakı ilə bu məsələ geniş müzakirə olunub, dünya ölkələrinin mövcud praktikası ilə bağlı müqayisəli təhlillər aparılıb.
Geniş müzakirələr nəticəsində mütəxəssislər elmi əsaslandırılmış dəlillərlə belə bir yekdil qərara gəliblər ki, Azərbaycanda yay-qış vaxtına keçid nəticəsində əldə olunan iqtisadi səmərə, enerji sərfiyyatına qənaət əhəmiyyətli dərəcədə deyildir. Qeyd olunub ki, ölkədə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsinə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycanda yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edir.