AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
# 11 fevral 2015 15:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda Rəyasət Heyəti tərəfindən tövsiyə olunan elmi tədqiqat proqramları məsələsinə toxunulub. Bildirilib ki, 2014-cü ildə elmi tədqiqat proqramlarının seçilməsi və maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edilib. Müsabiqəyə təqdim olunmuş proqramlar Ekspert Komissiyası və müvafiq elmi bölmələrin rəyinə əsasən fundamental elmi problemlərin həllinə yönəlmiş elmi tədqiqat proqramları müəyyənləşdirilib. Məsələ ilə bağlı müzakirələrdən sonra elmi tədqiqat proqramlarının rəhbərlərinə qısa müddət ərzində proqramları müəyyən olunmuş formada hazırlayıb institutun elmi şurasının rəyi ilə birlikdə müvafiq elmi bölmələrə və Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim etmələri tapşırılıb.


Sonra tədbirdə 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə 5 may 2015-ci il tarixində Respublika Veteranlar Şurası ilə birlikdə "Böyük Vətən müharibəsindəki qələbədə Azərbaycan alimlərinin rolu" mövzusunda beynəlxalq konfransın keçirilməsi məqsədəuyğun sayılıb. Konfransın təşkilini təmin etmək məqsədilə komissiya yaradılıb. Bundan əlavə, Nazirlər Kabinetinin məktubu əsasında Moskva şəhərində “Biz nasizmə qarşı birlikdə idik" adlı beynəlxalq sərgi layihəsində akademiyanın iştirakının da nəzərdə tutulduğu vurğulanıb.


Tədbirdə AMEA-nın yeni struktur layihəsi də müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA-nın Nizamnaməsinin təsdiq edilməsi ilə bağlı prezidentin 2014-cü il 11 dekabr tarixli fərmanının icrasını təmin etmək məqsədilə yaradılmış işçi qrupu AMEA-nın yeni struktur layihəsini hazırlayaraq Rəyasət Heyətinin müzakirəsinə təqdim edib. Yeni struktur təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

Növbəti müzakirə şimal bölgəsində elmi tədqiqat fəaliyyətinin gücləndirilməsi, regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla fundamental və tətbiqi araşdırmaların lazımı səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeologiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün əlverişli şəraitin yaradılması məqsədilə AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması məsələsi olub. Mərkəzin yaradılması ilə bağlı müvafiq qaydada vəsatət qaldırılması qərara alınıb. Aqrar elmlər üzrə fəlsəfə doktoru Teyyub Şükürov mərkəzin direktoru vəzifəsinin icraçısı təyin olunub.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Fail Kazımov AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Elmi-analitik şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov şöbənin rəis müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov isə Elm və təhsil idarəsinin Elmi tədqiqatların təşkili şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR