AzeDer-in fəaliyyətə başlamasının bir illiyi İstanbulda qeyd edilib - FOTO

AzeDer-in fəaliyyətə başlamasının bir illiyi İstanbulda qeyd edilib - <span style="color: red;">FOTO
# 29 sentyabr 2014 12:22 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AzeDer) fəaliyyətə başlamasının bir illiyi münasibətilə İstanbulda tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan və Türkiyənin dövlət rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları, iş adamları, elm, təhsil və mədəniyyət sahələrinin təmsilçiləri, qardaş ölkədə təhsil alan tələbələrimiz, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir bir neçə gün əvvəl Türkiyədə avtomobil qəzasında həyatlarını itirən üç azərbaycanlı tələbənin xatirəsini yad etmək məqsədi ilə bir dəqiqəlik sükutla başlayıb.

Bundan sonra AzeDer-in sədri Rəşad Abdullayevin hesabat məruzəsi dinlənilib.

Sədr məlumat verib ki, rəhbərlik etdiyi təşkilatın missiyası azərbaycanlı gənclərin şəxsi karyera qazanmasına dəstək vermək, onların bilik, təcrübə və fikirlərini xarici ölkə gəncləri ilə paylaşmaq, gənclərimizin sosial həyatını inkişaf etdirən layihələr həyata keçirmək kimi mühüm istiqamətlərdir.

R. Abdullayev bir illik fəaliyyətlərinin nəticəsi olaraq, daha çox azərbaycanlı gənclərin şəxsi karyera inkişafına dəstək olduqlarını vurğulayaraq, bundan sonra İNDEX - Azərbaycanın İnsan Kapitalı İnkişafı Mərkəzi olaraq fəaliyyət göstərəcəklərini bildirmişdir. Bu məqsədlə Azərbaycanın insan kapitalı inkişafına öz kiçik töhfələrini verməyə çalışacaqlarını vurğulayıb. Çıxışın sonunda isə təşkilatın fəaliyyətini əks etdirən film nümayiş olunub.

Daha sonra qonaqlara İnsan Kapitalı haqqında məlumat verən qısa film nümayiş olunub.

Bu filmdə insan kapitalının inkişafının zəruriliyi vurğulanaraq, ümummilli lider Heydər Əliyevin gənclər və təhsil islahatlarından bəhs edilib. Videoçarxda Azərbaycan prezidenti İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” ideyasının da reallığa çevrildiyi qeyd edilib.

AzeDer-in bir illik fəaliyyəti və məqsədlərini yüksək qiymətləndirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət müstəqilliyimizin bərpasından sonra ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi gənclər və təhsil siyasətinin ayrı-ayrı istiqamətləri və onun yüksək nəticələrindən bəhs edərək, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bu istiqamətdə həyata keçirdiyi dövlət proqramları və onların bəhrələri barədə ətraflı məlumat verib.

TBMM-nin deputatı Mustafa Kabakcı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri İlham Nağıyev, Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Nəcibə Nəsibova və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışlarında AzeDer-in bir illik fəaliyyətini yüksək dəyərləndirərək, təşkilata gələcək işində uğurlar arzulayıblar. Qeyd olunub ki, təşkilat Azərbaycan və Türkiyə gənclərinin daha da yaxınlaşması istiqamətində də səmərəli fəaliyyət göstərir.

Tədbirin sonunda AzeDer-in təşkilatçılığı ilə Avropa ölkələrində yerləşən aparıcı şirkətlər və beynəlxalq qurumlarda təcrübə keçən tələbələrə sertifikatlar təqdim olunub. BP, STATOIL, PWC, Avropa Parlamenti, UNIDO (Sənaye İnkişafı üzrə Birləşmiş Millətlərin Təşkilatı) kimi dünyanın öndə gələn şirkət və qurumlarında staj keçən azərbaycanlı gənclərə sertifikatlar Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAPı Gənclər Birliyinin sədri Seymur Orucov və `ASAN XİDMƏT` Agentliyin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Azad Cəfərov tərəfindən təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR