Azərbaycan-Çin hökumətlərarası komissiyasının yeni tərkibi təsdiqlənib

Azərbaycan-Çin hökumətlərarası komissiyasının yeni tərkibi təsdiqlənib
# 11 iyun 2018 16:15 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan–Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan–Çin Hökumətlərarası Ticarət–İqtisadi Əməkdaşlıq Komissiyasının yeni tərkibi təsdiqlənib.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat naziri, Komissiyanın üzvləri xarici işlər nazirinin, maliyyə nazirinin, energetika nazirinin, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin, mədəniyyət nazirinin, səhiyyə nazirinin, gənclər və idman nazirinin, kənd təsərrüfatı nazirinin və Gömrük Komitəsi sədrinin müavinləri, Dövlət Turizm Agentliyinin sədri, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, Azərbaycanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin ediliblər.

Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Çin Xalq Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, Azərbaycan–Çin Hökumətlərarası Ticarət–İqtisadi Əməkdaşlıq Komissiyasının sədri bundan öncə baş nazirin sabiq müavini Abid Şərifov olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR