Azərbaycanda  istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt və insult təhqiq ediləcək

Azərbaycanda  istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt və insult təhqiq ediləcək
# 04 avqust 2015 03:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, indiyə qədər bu Qaydalar hərbi qulluqçulara (müəssisələrdə işə cəlb edilən hərbi quluqçular istisna edilməklə), məhkəmə hakimlərinə, Milli Məclisin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə şamil edilməyib.

Dəyişikliyə əsasən bununla bağlı müddəa ləğv edilib və beləliklə bu Qaydalar həmin şəxslərə də şamil ediləcək. Qaydaya əsasən indiyə qədər əmək vəzifələrini yerinə yetirərkən itkin düşmələr, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurmalar, yanmalar, donmalar, suda boğulmalar, ildırım vurmalar, heyvan və həşəratlarla təmas nəticəsində dəymiş zədələnmələr, həmçinin təbii fəlakətlər (zəlzələlər, sürüşmələr, daşqınlar, qasırğalar və s.) zamanı işçilərin səhhətinin pozulması təhqiq edilib. Dəyişikliyə əsasən bundan sonra tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt və insult da təhqiq ediləcək. Ancaq yenə də texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində ürək dayanması, infarkt, insult bədbəxt hadisə kimi rəsmiləşdirilməyəcək və uçota alınmayacaq. Digər tərəfdən, əgər indiyə qədər dəniz istehsalat obyektlərində çimərkən işçilərin xəsarət alması və ölməsi istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmırdısa, dəyişikliyə əsasən bundan sonra ümumiyyətlə bütün su hövzələrinin istehsalat obyektlərində çimərkən işçilərin xəsarət alması və ölməsi istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməyəcək və uçota alınmayacaq.

Mövcud Qaydaya əsasən istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar cinayət işi qaldırılarsa, lakin sonradan cinayət hadisəsi və ya tərkibi sübuta yetirilmədiyi, yaxud olmadığı səbəbdən xitam verilərsə və ya məhkəmə həmin iş üzrə bəraət hökmü çıxararsa, həmin bədbəxt hadisənin təhqiqatı aparılıb. Dəyişikliyə əsasən bundan sonra istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar qaldırılmış cinayət işi üzrə zərərçəkən şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındığı təqdirdə, bədbəxt hadisənin təhqiqatı işə Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq xitam verildikdən sonra aparılmalıdır. Qaydaya əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günə bölgə üzrə Dövlət Əmək Müfəttişliyinə (və ya birbaşa Dövlət Əmək Müfəttişliyinin mərkəzi aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlьkə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə) məlumat verilməlidir. Dəyişikliyə əsasən bundan sonra işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq bədbəxt hadisənin baş verməsi tarixindən 3 iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Müvafiq qurumlara məlumat həm də elektron formada verilə bilər.

Qaydaya əsasən xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi sədr Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxslərindən, üzvlər işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. Dəyişikliyə əsasən bundan sonra sahə həmkarlar ittifaqı birliyi, müəssisənin həmkarlar ittifaqı təşkilatı, müəssisə və ya onun tabe olduğu yuxarı orqan (əgər varsa) Təhqiqat komissiyalarının tərkibində iştirak edəcək nümayəndələri barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə hadisə baş verən gün rəsmi məlumat verməlidirlər. O cümlədən Təhqiqat komissiyası sığorta ödənişi verilməli olan şəxsin və sığortaçının xəsarətlə və ya ölümlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatının aparılmasında iştirak etmək hüququnun təmin edilməsinə şərait yaratmalıdır. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin surəti də təhqiqat aktına əlavə olunmalıdır. Eyni zamanda bədbəxt hadisə Fövqəladə Hallar Nazirliyinin dövlət nəzarətini həyata keçirdiyi obyektdə qəza nəticəsində baş vermişsə, qəzanın başvermə səbəbləri barədə nazirliyin tərtib etdiyi akt Təhqiqat komissiyasına təqdim olunacaq. Yol-nəqliyyat qəzası nəticəsində baş vermiş bədbəxt hadisələrin səbəbi barədə rəy alınması üçün Təhqiqat komissiyasının sədrinə Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına müraciət etmək hüququ da verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR