Azərbaycanda aylıq hava proqnozu və təhlükəli hidrometeoroloji hadisələrə dair xəbərdarlıq üçün ödəmə dərəcələrinin müəyyənləşdirilməsi təklif edilib

Azərbaycanda aylıq hava proqnozu və təhlükəli hidrometeoroloji hadisələrə dair xəbərdarlıq üçün ödəmə dərəcələrinin müəyyənləşdirilməsi təklif edilib
# 30 sentyabr 2014 08:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatası Nazirlər Kabinetinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən göstərilən bir sıra xidmət növləri üzrə ödəmə dərəcələrinin müəyyənləşdirilməsini təklif edib.

APA - nın məlumatına görə, Hesablama Palatasının Nazirlər Kabinetinə müraciətində qeyd edilib ki, 1998-ci ildə qüvvəyə minmiş “Hidrometeorologiya fəaliyyəti haqqında” qanunun 24-cü maddəsinə əsasən hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə işlərə (məlumatların seçilməsinə, surətlərinin çıxarılmasına və istifadəyə verilməsinə, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycanın dövlət məlumatlar fondundan istifadəyə, hidrometeoroloji müşahidə şəbəkələrinin xidmətindən istifadəyə, qanunvericiliklə müəyyən edilmiş digər xidmət işlərinə) ödəmələr alınır və bu ödəmələrin dərəcələri və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Qanunvericiliyin tələblərinə uyğun olaraq Nazirlər Kabinetinin 1999-cu il 09 iyul tarixli 115 nömrəli qərarı ilə “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları” təsdiq olunub. Hesablama Palatası tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentdə aparılan nəzarət tədbirinin nəticələri ilə müəyyən olunub ki, hazırda mövcud olan və sifarişçilər tərəfindən tələb olunan aşağıda göstərilən bir sıra xidmət növləri və bu xidmət növləri üzrə müvafiq ödəmə dərəcələri Nazirlər Kabinetinin göstərilən qərarında əks etdirilməyib. Bura Xəzər dənizi üzrə təhlükəli hidrometeoroloji hadisələr və quru üzrə təhlükəli hidrometeoroloji hadisələr haqında xəbərdarlıq, respublika üzrə aylıq hava proqnozu, yaz-yay daşqını mövsümündə su anbarına daxil olan suyun proqnozu, respublika çaylarında gursuluq haqqında xəbərdarlıq və aqrometeoroloji şərh daxildir.

Qaydalarda nəzərdə tutulmayan, lakin sifarişçilər tərəfindən sifariş olunan xidmət növləri üzrə bağlanmış müqavilələr üzrə tariflər, 2001-ci ildə ləğv edilmiş Dövlət Hidrometeorologiya Komitəsi tərəfindən 25 yanvar 1996-cı il tarixində təsdiq edilmiş “Xüsusiləşdirilmiş Hidrometeoroloji İnformasiyaların (məhsulların) preyskurant qiymətləri” əsasında hesablanaraq vəsait əldə edilib.

Hesablama Palatası müasir dövrdə gedən qlobal iqlim dəyişmələri fonunda və hidrometeoroloji proseslərin aktivləşməsi ilə əlaqədar olaraq təbii fəlakətlər üzrə qabaqcadan xəbərdarlıqların edilməsinin əhəmiyyətini və vacibliyini nəzərə alaraq, yuxarıda adı çəkilən və yeni hidrometeoroloji xidmət növləri və bu xidmət növləri üzrə müvafiq ödəmə dərəcələrinin Nazirlər Kabinetinin 1999-cu il 09 iyul tarixli 115 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları”na əlavə olunmasını məqsədəuyğun hesab edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR