Azərbaycanda dəmir yolu və hava nəqliyyatında işləyən işçilərin intizam tənbehi qaydalarına dəyişiklik edilib

Azərbaycanda dəmir yolu və hava nəqliyyatında işləyən işçilərin intizam tənbehi qaydalarına dəyişiklik edilib
# 03 iyun 2013 07:38 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti «Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi»nə dəyişiklik edib. Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, nizamnamənin 4.29-cu bəndinin birinci cümləsində «bir ildən» sözləri «iki ildən» sözləri ilə əvəz edilib. Həmin bəndə əsasən, intizam tənbehi bütün hallarda pozuntunun baş verdiyi gündən 6 aydan, maliyyə-təsərrüfat fəaliyyətinin təftişinin nəticələrinə görə isə pozuntunun baş verdiyi gündən 2 ildən gec olmayaraq verilə bilər. Cinayət qaydasında iş üzrə icraat həmin müddətə daxil edilmir.

Nazirlər Kabinetinin digər qərarı ilə «Hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsi»nə də dəyişiklik edilib. Dəyişikliyə əsasən, intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. İşçinin xəstə, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törətdiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlamanın, təftişin) aparılmasının nəticələri ilə aşkar edilmiş vəziyə hüquqpozmaları ilə bağlı intizam xətalarına görə işçiyə həmin xətalar törətdiyi gündən 2 il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR