Azərbaycanda hansı ərazilərə normadan az və ya artıq qarın düşməsi müəyyənləşib

Azərbaycanda hansı ərazilərə normadan az və ya artıq qarın düşməsi müəyyənləşib
# 29 mart 2013 12:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il ərzində Azərbaycan ərazisində aparılan qar ölçmə işləri nəticəsində ölkədə hansı ərazilərə normadan az və ya artıq qarın düşməsi müəyyənləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, ilkin hesablamalara əsasən Azərbaycan ərazisinə düşən qar ehtiyatının normaya uyğunluğu müəyyən edilib. O deyib ki, bu il Azərbaycan ərazisində Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyü normadan aşağı olub: “Lakin Böyük Qafqazda qarın normaya yaxın, hətta bəzi ərazilərdə normadan artıq olduğu aşkarlanıb. Gürcüstan ərazisində Kür və Qanıx çayının hövzəsində isə qar ehtiyatları normadan aşağı olub”.

A. Verdiyevin sözlərinə görə, qar ölçmə işləri Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstan ərazisində aparılıb. Türkiyə və Gürcüstandan bütün məlumatlar alındıqdan sonra yaxın 2 gün ərzində ölkə ərazisindəki tək qar ehtiyatı yox, aprel, may, iyun aylarında gözlənilən yağıntı, temperaturun dəyişməsi ilə bağlı proqnozların hazırlanması başa çatdırılacaq. Gələn həftə Azərbaycanda gözlənilən yaz-yay gur sululuq dövrünün proqnozu tərtib olunacaq və müvafiq qurumlara göndəriləcək.

Qeyd edək ki, Azərbaycan ərazisində daşqınlarla bağlı aparılan qar ölçmə işləri martın 1-dən 20-dək davam edib. Bu müddət ərzində qar ölçmə işləri Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 28 marşrut üzrə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR