Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı azalıb

Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı azalıb
# 18 fevral 2015 11:44 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Yanvar ayında Azərbaycanda 107 761 ailə (470 237 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 38 675 ailə (168 673 nəfər ailə üzvü), yəni 26,4% azdır.

Bu barədə “APA-Economics”ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Ünvanlı sosial yardım təyin olunan ailələrin sayının azalması təyin olunan yardımların məbləğinin yüksəlməsi ilə müşahidə olunur. Belə ki, ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği 10,3% artaraq 138,89 manata, adambaşına düşən orta aylıq məbləği isə 10,3% artaraq 31,83 manata yüksəlib.

Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 222 589 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5 305 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 5 822 nəfər təşkil edir. Hazırda yardım alan ailələrin 30 823-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

Sosial yardımların təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə 2013-cü ilin sonlarından etibarən ünvanlı sosial yardım alan ailələrin siyahısı ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilib. Hazırda ünvanlı sosial yardım sisteminin tam avtomatlaşdırılması işləri aparılır. Mütərəqqi beynəlxalq təcrübə əsasında qurulan bu sistem ünvanlı sosial yardım üçün müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR