Azərbaycanda vətəndaşlıq vəziyyəti aktları ilə bağlı elektron qaydada arayış almaq mümkün olacaq

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktları ilə bağlı elektron qaydada arayış almaq mümkün olacaq
# 23 iyun 2015 09:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Ədliyyə Nazirliyinin Kollegiyası “Qeydiyyata alınmış vətəndaşlıq vəziyyəti aktları ilə bağlı sənədlərin verilməsi üzrə inzibati reqlament”də dəyişikliklər edib.

APA-nın məlumatına görə, bu reqlament indiyə qədər istifadəçinin Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə getmədən dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktları ilə bağlı sənədləri əldə etmək üçün müraciətinin elektron formada qəbulu qaydalarını müəyyən edib.

Dəyişikliklərə əsasən bundan sonra reqlament tək müraciətin elektron formada qəbulunu yox, elektron xidmətin nəticəsi kimi sənədlərin verilməsi qaydalarını da müəyyən edəcək. Başqa sözlə, elektron qaydada vətəndaşlıq vəziyyəti aktları ilə bağlı sənədlər (arayış, şəhadətnamə) almaq mümkün olacaq.

Elektron xidmətdən istifadə etmək üçün istifadəçinin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi tələb olunacaq. Bunların əsasında istifadəçi vətəndaşlıq vəziyyəti aktları ilə bağlı arayışları elektron formada əldə etmək istədiyi halda ərizəni elektron imzası ilə təsdiqləyəcək və elektron xidmətin təqdim edildiyi internet ünvanına göndərəcək. İstifadəçi arayışı elektron formada əldə etmək istədiyi halda elektron imza ilə təsdiq olunmuş arayış onun elektron poçt ünvanına göndəriləcək. Hazır təkrar şəhadətnamə və ya arayışın kağız nüsxələrinin verilmə vaxtı və yeri barədə də elektron poçt ünvanı vasitəsilə istifadəçiyə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR