Azərbaycanın 13 rayonunda 10 mindən çox şagird monitorinq imtahanı verəcək

Azərbaycanın 13 rayonunda 10 mindən çox şagird monitorinq imtahanı verəcək
# 02 may 2013 10:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) respublikanın daha 13 rayonun ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında keçirdiyi monitorinq imtahanları başa çatıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, aprelin 29-da, 30-da və mayın 1-də Gəncə, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Mingəçevir, Şəki, Qax, Balakən, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının V və XI sinif şagirdlərinin bilikləri yoxlanılıb.

Növbəti monitorinq imtahanları 6, 7 və 8 may tarixlərində Bərdə, Ucar, Göyçay, Ağdaş, Şirvan, Kürdəmir, Biləsuvar, Masallı, Neftçala, Salyan, Lənkəran, Quba və Şabran rayonlarında ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında keçiriləcək. Monitorinq imtahanı XI siniflər üzrə 119 orta ümumtəhsil müəssisəsində, V siniflər üzrə isə 182 orta ümumtəhsil müəssisəsində təşkil olunacaq. XI siniflərin imtahanı saat 10:00-da, V siniflərin imtahanı isə saat 12:00-da başlanacaq. İmtahanlarda 4386 nəfər XI sinif şagirdinin, 5935 nəfər V sinif şagirdinin iştirak etməsi nəzərdə tutulur. Ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri mayın 6-da Azərbaycan dilindən, mayın 7-də riyaziyyatdan, mayın 8-də isə fizika fənnindən imtahan verəcəklər. Azərbaycan bölməsinin V sinif şagirdləri mayın 6-da Azərbaycan dilindən, mayın 7-də isə riyaziyyat fənnindən imtahan verəcəklər. Rus bölməsinin V sinif şagirdləri üçün isə imtahanlar mayın 8-də rus dili fənnindən olacaq.

Qeyd edək ki, monitorinq imtahanlarında ümumilikdə XI siniflər üzrə 28205 şagirdin, V siniflər üzrə isə 7772 şagirdin imtahan verməsi nəzərdə tutulub. Cari ildə monitorinq imtahanları respublikanın 29 bölgəsini əhatə etməklə ümumilikdə 722 orta ümumtəhsil müəssisəsində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR